“Hiss edirəm ki, özü də məndən çox şey gözləyir”

1 İyul 2022 17:40 Sumqayıt 797
“Hiss edirəm ki, özü də məndən çox şey gözləyir”

“Mən öz doğma klubuma qayıtmışam və buna görə çox sevincliyəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yeni məşqçisi Rail Məlikov deyib.

Bugünlərdə əsas komandanın məşqçilər korpusunda yeni təyinat baş tutub. Belə ki, 2016-2020-ci illərdə “kimyaçılar”ın formasını geyinmiş Rail Məlikov Aleksey Baqanın köməkçisi vəzifəsinə gətirilib.

Burada keçirdiyi 4 mövsümdə ümumilikdə 73 oyuna çıxan Rail Məlikov futbolçu karyerasında “Bakı”, “Neftçi”, “Denizlispor”, “Qəbələ”, AZAL və “Şamaxı”nın uğurları üçün də çalışıb.

Məlikov məşqçi kimi ötən mövsüm “Şamaxı-2” ilə I Divizionun gümüş medallarına yiyələnib. O, köhnə-yeni klubuna faydalı olmaq istədiyini bildirib:

“Aleksey Baqa ilk gündən məni çox mehriban qarşıladı. Aramızda elə xoş münasibət yaranıb ki, sanki uzun illərdir onunla bir yerdə çalışıram.

Səmimi və diqqətcil insandır. Məşq prosesi zamanı müəyyən tapşırıqlar verir, onları yerinə yetirirəm.

Hiss edirəm ki, özü də məndən çox şey gözləyir. Əlbəttə, məsuliyyətimi çox gözəl başa düşürəm və əlimdən gələni əsirgəməyəcəm.

Klub rəhbərliyi və Baqa mənə etimad göstəribsə, başqa cür də ola bilməz.

Dörd il “Sumqayıt”da çıxış etdiyimdən, klubda demək olar hamını tanıyıram, yerli azarkeşlərin necə tələbkar olduğunu bilirəm.

Onları sevindirmək üçün var gücümüzlə çalışırıq”.

Digər Xəbərlər
Xəbər Lenti