Azərbaycanda çalışan əcnəbi baş məşqçi niyə geri dönməyə tərəddüd edir?

23 İyun 2022 11:40 Sumqayıt 1 432
Azərbaycanda çalışan əcnəbi baş məşqçi niyə geri dönməyə tərəddüd edir?

«Sumqayıt»ın yeni mövsümlə əlaqəli planları dəyişikliyə uğrayıb.

«Azərikimya»nın baş sponsoru olduğu kluba hələ də maliyyə ayırmaması Aleksey Baqanın qayğısını artırıb.

Büdcənin azalacağı ilə bağlı xəbərlər alan baş məşqçi Azərbaycana dönməyə tərəddüd edir. Halbuki komanda iyunun 27-də növbəti sezonun çalışmalarına başlamalıdır və belaruslu çalışdırıcının ondan 1-2 gün qabaq burada olması vacibdir.

Baqanı narahat edən istədiyi legionerlərin klub tərəfindən alınmamasıdır.

Onun meneceri rəsmilərlə əlaqə saxlayaraq, yaranmış vəziyyətlə maraqlanıb, baş menecerin xidmətində maraqlı olduğu əcnəbi futbolçularla danışıqlara başlanmamasının səbəblərini soruşub.

Burada söhbət serbiyalı, ukraynalı və xorvatiyalı legionerlərdən gedir.

Baqanın menecerinə bildirilib ki, büdcədə artım ehtimalı zəif olduğundan, aylıq ödəməsi 10 min dollar təşkil edən xarici oyunçuların alınması klubun imkanları ilə uzlaşmır.

Belədə agent Baqanın «Sumqayıt»a dönməsinin sual altına düşəcəyinə dair xəbərdarlıq edib.

Onun adından deyib ki, təmsilçisi olduğu mütəxəssis iddiası reallıqla üst-üstə düşməyən klubda fəaliyyətini davam etdirməyə risk eləmir, ötənmövsümkü nəticələrin təkrarlanmasından ehtiyatlanır.

Mövcud durumun ciddiliyini nəzərə alan funksionerlər birbaşa Baqanın özüylə əlaqə yaradıb, geniş müzakirələr aparıb. Ona izah olunub ki, büdcə məsələsi hələ açıq qalıb və qeyri-müəyyənliyə qarşıdakı günlərdə aydınlıq gələcək.

Həmçinin vurğulanıb ki, klub adları onlara təqdim olunan legionerləri düşərgəyə dəvət etməyə hazırdır, sadəcə, maliyyə şərtlərinin qarşılanması çətin məsələdir.

Bu üzdən, Baqaya təklif olunub ki, aylıq maaş tələbi 5000-6000 dolları keçməyən əcnəbi futbolçuların axtarışına çıxsın.

SPORTİNFO.AZ

Xəbər Lenti