Azərbaycan millisinin sabiq müdafiəçisi Pavel Paşayev yenidən Premyer Liqada çıxış edə bilər.
Ötən ilin dekabrında "VPK-Arqo"dan ayrılmış arxa xətt oyunçusu hazırda azad agent statusu daşıyır və Ukraynanı tərk etmək niyyətindədir.
Hələ 6 ay öncə I liqa təmsilçisində (səviyyəcə ikinci) qalmaq təklifini geri çevirən 34 yaşlı Paşayev "VPK-Arqo"da 3 ay qalıb. O, daha əvvəl "Aleksandriya"nın formasını geyinib.
2015-2020-ci illərdə Azərbaycan millisinə dəvət alan Pavelin xidmətində indi "Sumqayıt" maraqlıdır. "Kimyaçılar" vaxtilə ölkəmizdə "Qəbələ"nin formasını geyinmiş müdafiəçiyə 1 illik müqavilə təklif edib.
Klub bu əməliyyatın baş tutması üçün AFFA-dan dəstək istəyib. Problem ondadır ki, Ukrayna höküməti yaşı 55-ə qədər olan şəxslərin ölkədən çıxışına məhdudiyyət tətbiq edib.
Peşəkar status daşıyan idmançıların Ukraynanı tərk etməsi yalnız rəsmi icazə ilə mümkündür. Bunun üçün diplomatik korpuslar dövriyyəyə girməli, ölkəmizin Ukraynadakı səfirliyi yerli hökümətə müraciət etməlidir.
"Sumqayıt"ın Andrey Popoviçlə Anatoli Nuriyevi də AFFA-nın köməyi ilə Azərbaycana gətirməsini yada salaq.
SPORTİNFO.AZ

