Xəbər verdiyimiz kimi, “Sumqayıt” növbəti mövsümdən legioner futbolçuların çıxışına dair razılıq alıb.
Bu barədə klubun Müşahidə Şurasının iclasında qərar qəbul olunub.
“Kimyaçılar”ın əcnəbi oyunçuların xidmətindən istifadə edəcəyinə aid xəbəri 2 ay öncə yaymışıq. Zamanı çatdı, verdiyimiz bu informasiya da öz rəsmi təsdiqini tapdı.
AFFA-nın “Sumqayıt”a güzəştə getməsi Premyer Liqada klub sayının artırılması ilə birbaşa əlaqədardır.
Növbəti sezonda 10 komanda mübarizə aparacağından, daxili bazarda seçim faizi aşağı düşüb, yerli futbolçu tapmaq müşkülə dönüb.
Bu azmış kimi, onların qiymətləri də qalxıb. Bütün bunlar büdcəsi o qədər də geniş olmayan “gənclik şəhəri“nin təmsilçisinin “əl-qolunu bağlayır“.
Düzdür, AFFA “Sumqayıt“ın əcnəbilərin xidmətindən yararlanmasına qoyduğu qadağanı götürür, lakin bu, hələ o demək deyil ki, problem tamamilə aradan qalxıb.
Mövzu ilə bağlı bəzi suallar açıq qalmaqdadır. Məsələn, legionerlərin sayı ətrafında fikir ayrılığı mövcuddur.
Federasiya onların yalnız 3 əcnəbi t ransfer etməsini istəyirsə, “kimyaçılar“ bu rəqəmin minimum 5-ə çatdırılmasında israrlıdır.
SPORTİNFO.AZ

