Utanmasan, danışmağa nə var ki…

16 May 2022 14:20 Sumqayıt 777
Utanmasan, danışmağa nə var ki…

Aleksey Baqa cari mövsümün sonunda "Sumqayıt"dan ayrılmaq istədiyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Sitat: "Azərbaycanca başa düşmədiyim üçün haqqımda yazılan xəbəri tərcümə etdilər. Bir məqamı eşidəndə gülümsədim. Orada maraqlı bir yer var idi. 38 yaşlı mütəxəssis yazmışdılar. Halbuki mənim 41 yaşım var. 3 yaş cavanlaşdırmışdılar. Bu faktı grəndən sonra informasiyanın necə yazıldığını başa düşdüm və həmin cümlədən sonra oxumağı dayandırdım".

Hə… Adam gülümsəyib və 500-600 işarəlik xəbəri oxumağı dayandırıb.

Haqqındakı qısa informasiyanı oxuyub qurtarmağa hövsələsi çatmayan belaruslu «Sumqayıt»ı dibə vurmağı da dayandırsaydı, bundan həm klub, həm də futbolumuz qazanardı.

Xəbərin mahiyyəti yaşda deyil, uğursuz fəaliyyətdədir. 41-in 38 kimi yazılması mexaniki səhvdir. Baqanın «Sumqayıt»da etdiyi yanlışların yanında bu nədir ki..?

Ardıcıl 2 mövsüm avrokubokara vəsiqə qazanmış, iki dəfə kubokda final oynamış,

Premyer Liqanın «bürünc»ünü əldə etmiş komandanı dərənin dibinə yuvarlamış, turnir cədvəlinin «zirzəmi»sinə dəmir atmış baş məşqçi öz ayıbına kor olmaq əvəzinə, xırda xətanı şişirdib ondan fil düzəldir.

Ötən ilin dekabrında vəzifə başına keçən, aradan keçən müddətdə cəmi 1 çempionat oyununda qələbə üzü görən, yer aldığı düşərgədə nizam-intizam yarada bilməyən, tez-tez futbolçuların məşqdə bir-birinə yumruq atmasına, təhqir etməsinə göz yuman Baqanın qalarsa, yeni mövsümdə «Sumqayıt»a uğur qazandıracağına inanmaq üçün gərək utopik bir insan olasan.

Onun və ya onunla bərabər çalışanları deyə bilmərəm, şəxsən bəndənizin dəlixanaya getmək fikrim yoxdur. Hələ başıma hava gəlməyib. «Sumqayıt»da çalışanlara isə səmimi qəlbdən səbr arzulayıram.

Azərbaycanda yediyi paxlavalar Baqaya necə ləzzət edibsə, komandanı aşağılara düşürməsi heç umrunda da deyil. Aylardır «Sumqayıt»da babat pul qazanır, qarşılığında verdiyi nəticə isə ürək bulandırır.

Passivində «n» qədər məğblubiyyət olduğu halda, belə danışır, mediaya istehza edir, görün, qələbə seriyası 3-5-ə çıxsaydı, nələr deyərdi, yerə-göyə sığmazdı.

Yaşını səhv göstərmişik, güldüyünü söyləyir. 41 yaşlı Baqa bir ondan 3 yaş balaca Murad Musayevin «Sabah»da gördüyü işə də baxsın və gülmək yerinə, barı, oturub ağlasın.

Beş aya yaxındır təyinat alıb, 5 qəpiklik məşqçi əməyi nümayiş etdirməyib.

At yiyəsinə görə kişnəyər. «Sumqayıt»ın oyunu, turnir cədvəlindəki mövqeyi onun baş məşqçisinin əsl «bacarığ»ının aynasıdır.

Bu güzgüdə bir rəng var - ba(QARA).

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti