İSTEFA üçün SƏBƏB

13 May 2022 09:40 Sumqayıt 784
İSTEFA üçün SƏBƏB

Göründü, «Şamaxı» üzərində qələbə tam bir təsadüf imiş.

Premyer Liqada 15 tur qalibiyyətlə tanış ola bilməyən «Sumqayıt»ın onları üstələməsinin məntiqi izahını «Qarabağ» verdi.

Göstərdi ki, demə, «Sumqayıt» yenə o deyilmsiş, sadəcə, «Şamaxı» bir çırtma ilə burunu qanayan «cocuqmuş».

Aleksey Baqa, yaxşı olar ki, özünə başqa klub axtarsın. Buralarda yox a… Vətəni Belarusda, yaxud Baltika respublikalarının birində.

Bir az da «Sumqayıt»da qalsa, özünə də, kluba da ziyan edəcək. Alınmır, zorla deyil ki…

Biri durub Baqaya anlatmır ki, məhəbbət birtərəfli olmur. O, pulu çox istəyə bilər, amma əsas futbolçulardır – onlar onu istəyirmi?

«Qarabağ»ın vurduğu 5 qoldan üçünü gözucu izləyin, bu suala dəqiq cavab tapacaqsız.

«Sumqayıt»lı müdafiəçilər bir-birindən gülünc səhvlərə yol verməklə, belaruslu baş məşqçilərinə bəslədikləri «sevgi»ni nümayiş etdirdilər.sanki içdən gələn bir canfəşanlıqla o «xətalar»ı muncuğa düzdülər.

Baqa hər gün nə yeyir, nə içir, bilmək istərdim.

Görəsən, nə zaman başa düşəcək ki, «ağıl babaları» burada qalmasına israr etməklə, əslində, onun üz-gözünə pislik yaxır?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti