Özünü qiymətə mindirən

10 May 2022 10:40 Sumqayıt 867
Özünü qiymətə mindirən

Nəhayət, «Sumqayıt» ötən ilin oktyabrından bu yana davam edən qələbəsizlik seriyasına son verdi.

Sonuncu dəfə «Səbail»ə qalib gəlmişdilər, bu dəfə əllərinə «Şamaxı» keçdi.

Bunun üçün 15 tur gözləməli oldular. 2022-ci ilin ilk qələbəsi, eyni zamanda, Aleksey Baqanı 3 xalla tanış elədi.

Belaruslu çalışdırıcı həmkarlarını hər dəfə təbrik etməkdən yorulmuşdu, bu dəfə onun özünə yaxınlaşıb, əlini sıxdılar.

«Sumqayıt» ötən iki mövsümdə avrokuboklarda ölkəmizi təmsil edib. Ölkə kubokunun finalına yüksəlib, Premyer Liqanın bürünc medalını yaxasından asıb.

Ard-arda bunca uğur qazanmış kluba düşdüyü indiki vəziyyət yaraşmır. Ümid edək ki, bu, «Sumqayıt»ın Baqa ilə birinci və sonuncu qələbəsi olmayacaq, axır iki turda da azarkeşlərin könlünü alacaqlar.

qələbə sevinci gətirən hər iki qolu Əli Qurbani vurdu. Buna kimi aktivinə cəmi 1 qol «yazan» cənubi azərbaycanlı hücumçu dubla imza atmaqla, real müştərilərinə bir mesaj verdi.

«Sumqayıt»dan hər ay 12 min dollar məvacib alan Qurbani onunla maraqlanan klubların diqqətini yenidən öz üzərinə çəkmək istədi.

Çoxbilmiş tacir kimi.

Yaxşıdır da, bir mövsümün əvvəlində, bir də sonunda fərqlənən, sonra da gəl, de ki, filan qədər pul verin, müqavilə bağlayım.

«Sumqayıt» rəhbərliyi yeni mövsümdə bir də belə uğursuz dönəm yaşamaq istəmirsə, birinci elə Qurbani kimi çox yeyib, az fayda verənləri düşərgədən uzaqlaşdırmalıdır.

MUSA

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!