"Bu, superdir! Premyer Liqada nə qədər çox klub olacaqsa…"

10 May 2022 01:10 Sumqayıt 859
"Bu, superdir! Premyer Liqada nə qədər çox klub olacaqsa…"

Premyer Liqanın 26-cı turunda "Şamaxı" ilə qarşılaşan "Sumqayıt" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Aleksey Baqa matçdan sonra keçirilən mətbuat konfransında matçla bağlı danışıb:

- Nəhayət ki, mən də komandamı təbrik edə bilərəm. Bu gün azarkeşlərimizin fantastik dəstəyi var idi. Hava şəraitinə baxmayaraq onlar bizə sona qədər dəstək oldu. Səbr edib, öz üzərimizdə işləyərək, inanaraq işimizin bəhrəsini gördük. Hamını təbrik edirəm.

- Anatoli Nuriyevin komandaya qoşulması nəyi dəyişdi? Bugünkü qələbə payı nə qədər idi?
- Digər futbolçuların olduğu kimi, Nuriyevin də bu qələbəyə payı var idi. Nəzərə almaq lazımdır ki, Ukraynadakı vəziyyətə görə uzun müddətdir məşq etmirdi, futbolsuz qalmışdı. Bu gün Nuriyev həm hücumda, həm də müdafiədə özünü yaxşı tərəfdən göstərdi. Bu, futbolçunun potensialı daha yüksəkdi. Oyunda da görürük ki, bacarığından aşağı səviyyədə oynayır. İnanırıq ki, daha yaxşı olacaq. Çünki potensialı böyükdü.

- Müdafiədə Vurğun Hüseynov - Höccət Haqverdi tandemi özünü daha yaxşı göstərdi. Bununla bağlı sizin fikriniz necədi?
- Müdafiə xəttindən danışırıqsa, mütləq qapıçını da qeyd etməliyəm. Qol buraxmadıq. Cəzalar və zədələr xətlərdə bəzi dəyişikliklər etməyimizə gətirib çıxardı. Cinah oyunçuları öz mövqelərində oynamırdı. Vurğun - Höccət tandemi vəziyyətə görə ilk dəfə idi oynayırdı. Əsas odur ki, rəqibə qol şansı vermədik. Buna görə də tandemi müsbət qeyd edə bilərəm.

- Vurduğunuz qollar bir-birinə oxşadı, hər ikisi başla vuruldu. Bununla bağlı xüsusi tapşırıqlar olmuşdu?
- Son oyunlarda topu rəqib cərimə meydançasına göndərməklə bağlı bir az problemimiz var idi. Hücumda hündürboy oyunçumuz var və buna görə də topu ona dəqiq çatdırmaq lazımdı. Bugünkü oyunla bağlı məqsədimiz də o idi ki, fərqi yoxdu, hava və ya yerlə, əsas odur topu cərimə meydançasına dəqiq ötürək. Əvvəlki oyunlarda bir qədər dişsiz görünsək də, bu gün dəqiq oynaya bildik.

- Yeni mövsümdən Premyer Liqada Azərbaycanın köklü klublarından "Kəpəz" və "Turan Tovuz" da çıxış edəcək. Bu barədə fikriniz necədi?
- Bunu müsbət hal kimi dəyərləndirirəm. Eşitdiyimə görə, Tovuz və Gəncədə futbol çox sevilir, hər iki klubun da kifayət qədər zəngin tarixi, futbol ənənələri var. Buna görə də deyə bilərəm ki, bu, superdi. Ümid edirəm ki, həm həmin, həm də digər rayonlardan gənc, istedadlı futbolçular çıxacaq. Nə qədər çox klub olacaqsa, bu yaxşıdı. Regionlara getmək, fərqli baş məşqçilərə qarşı oynamaq həmişə sevindirici haldı. Ona görə də bütün bunları yalnız müsbət dəyərləndirə bilərəm.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"