Mövsümün sonuna yaxın qaza gələn “Sumqayıt” heyətini gücləndirməkdədir.
Aprelin ilk günlərində Azərbaycan millisinin sabiq üzvü Andrey Popoviçi rənglərinə bağlayan “kimyaçılar”, indi də yığmanın faktiki “sakini” Anatoli Nuriyevin yolunu gözləyir.
Popoviç komandaya qoşulan kimi əlcəklərini əlinə taxıb “çərçivə”dəki yerini bərkitdi. Əslən ukraynalı qapıçı baş məşqçi Aleksey Baqadan böyük rəğbət və dəstək görür.
Belə olmasaydı, gəldiyi gündən “11-lik”də bərkiyib, komandasının uduzduğu oyunlardan sonra da əsas heyətdə qalmazdı.
Andreyə göstərilən xüsusi simpatiya kollektivdəki digər iki qapıçının – Aydın Bayramovla Tərlan Əhmədlinin məhvi deməkdir, başqa adı yoxdur.
Bu, öncəki Azərbaycan karyerasında daha çox gecə həyatı və əyyaşlığı ilə diqqətləri üzərinə çəkən həmin Popoviçdir. Ölkəmizdən ayrılan sonra düz-əməlli karyerası olmadı.
Bir müddət futboldan uzaq düşdü, sonra Ukraynanın aşağı liqalarında var-gəl etdi, cəmi 1 mövsüm elitada əlcək tərlətdi. Qısası, qapıçılıq məharətini nədənsə ancaq Azərbaycandakı mütəxəssislər görürdü.
İndi onu yenidən Azərbaycana qaytaranlar Popoviçə təkcə “Sumqayıt”da yox, həm də Azərbaycan millisində yer tapmaq niyyətindədir. İllərdir legionerlərə sevgi bəsləyənlərin niyyətini özləri və Allahları bilər.
İndi Aydın ehtiyatda oturub özünü yazın günəşinə verir. 5 manat çörəkpulu üçün saytımıza açıqlamasında “ehtiyatda qalmaq mənə pis təsir etmir” deyir.
İndi anlamır, fərqində deyil bəlkə. İdmançı formasını itirəndə, min bir əziyyətlə millidə haqq etdiyi yeri aldən gedəndə başa düşəcək. Onda gec olacaq.
Alan razı, satan razı, qazanan razıdır. Xərclənən isə futbolumuzdur.
HƏBİB

