Ayyarım sonra «Sumqayıt»da çox futbolçu qalmayacaq.
Aleksey Baqa burada işini davam etdirəcəksə, düşərgədəkilərin çoxu ilə vidalaşacaq.
Hər halda qələbə həsrəti bu qədər uzun sürməməli idi. İnanılmazdır ey! Ötən ilin dekabrında görəvi Ayxan Abbasovdan təhvil alan belaruslu baş məşqçi Premyer Liqada çıxdığı 11-ci oyunda da 3 xalın ləzzətini dadmayıb.
Baqa yorulmadımı həmkarlarını təbrik etməkdən? Bəs o gün nə vaxt gələcək? Görünür, Ayxan Abbasovun geri qaytarılmasını gözləməliyik.
Tərifli Baqa tərifsiz futbol oynadır. Oynadıqları da bir futbol ola… O da deyil.
«Yol əhvalatı»nda deyildiyi kimi, nə bilim, nədir, nə «zibilski»dir.
Yox, zarafat eləmirəm. Abbasov gedəndən sonra «Sumqayıt»ın oynadığı futbolun da dadı-duzu qaçıb.
Rəhim Sadıxovun ilk hissədə qaçırdığı qol epizoduna komanda yoldaşının etirazı diqqətdən qaçmaz, qaçmamalıdır da.
Hər şey buradan başlayır – eyni rəngli formanı geyinənlər bir-birlərinə qarşı qəzəblidir, aqressivdir.
Uğursuzluğun kökünü burada, bunda axtarmaq lazımdır.
Mehribanlıq olmayan yerdə süfrəyə nə ləziz yemək qoysan belə, cana şirin gəlməz.
KAMİL

