“Sumqayıt”ın yeni transferinin Ukraynadakı probleminin səbəbi məlum oldu

20 Aprel 2022 20:40 Sumqayıt 883
“Sumqayıt”ın yeni transferinin Ukraynadakı probleminin səbəbi məlum oldu

Son dövrlər Azərbaycan millisinə dəvət olunan Anatoli Nuriyev karyerasını ölkəmizdə davam etdirməyə qərar verib.

Ukraynadakı hərbi vəziyyətlə bağlı futbolçulara başqa ölkədə oynamaq icazəsi verilməsi bir çoxları kimi, Anatolini də yeni iş yeri tapmağa məcbur etmişdi.

Belədə hamıdan tez tərpənən “kimyaçılar”ın prezidenti Riad Rəfiyev onu rəhbərlik etdiyi komandada razı salmağı bacardı.

Artıq Nuriyevlə ilkin anlaşma əldə olunub və adı Premyer Liqanın sifariş ərizəsinə salınıb.

Vinger cari mövsümün sonuna qədər Azərbaycanda top qovmağa “hə” deyib. Amma mövsüm sona yaxınlaşsa da, ondan səs-soraq yoxdur. “Sumqayıt”a qoşulması yubanır.

Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq:

“Bu işlə həm klubumuz, həm də AFFA məşğul olur. Klub prezidenti Riad Rəfiyev Anatolini qısa müddətdə Azərbaycana gətirməyə çalışır.

Lakin məlum vəziyyətə görə Ukrayna vətəndaşlarının ölkəni tərk etməsi bir qədər çətindir.

Digər tərəfdən təyyarə reyslərinin olmaması da əngəl yaradır. Ümid edirik ki, Nuriyev ən qısa zamanda Azərbaycanda olacaq”.

25 yaşlı yarımmüdafiəçi ötən ilin yayında “Minay”ı Ukrayna Premyer Liqasının başqa bir klubu “Kolos”a dəyişmişdi ki, müharibə başlayana qədər bu komandanın heyətində 13 oyunda meydana çıxıb, 1 qol vurmuşdu.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti