Qəbələ səfəri həmişə «Sumqayıt» üçün ağır keçib. Burada nadir hallarda xal və ya xallar qazanıblar. Budəfəki səfərin Aleksey Baqanın üzünü güldürməsinə kuryoz hadisə mane oldu. Cərimə zərbəsindən buraxılan qol belaruslu baş məşqçinin yeni iş yerində qələbə arzusunu ən azından daha 1 turluq ertələdi.
Heç nəyə iddiası qalmayan «Sumqayıt» rahatlığını itirib. Sərbəst oynamırlar. Biz yenə başa düşə bilmirik ki, Baqa komandasından nə istəyir, onlardan nə cür futbol tələb edir. Dəst-xətt yoxdur. Yenilik yoxdur. Belaruslu 4 aya yaxındır iş başındadır, hələ nə iş gördüyü sezilmir. «Vur qabağa, Məmmədağa, nə olar, olar» - müasir futboldan tamamilə uzaq, ötən əsrin son rübünə aid əlamətləri görməkdəyik.
Əlbəttə, yeni gələn məşqçidən qısa müddət ərzində nəticə verməsini tələb etmək olmaz. Bu, bəzən aylar, illərlə sürən prosesdir. Moskva da birdən-birə qurulmayıb. Şəhəri gərək hissə-hissə tikəsən. Biz Baqanın «Sumqayıt»da nəsə tikmək istəməməsindən narahatıq. Dörd ay «yeni ev»in fundamentini atmaq üçün kifayət qədər uzun müddətdir. Baqa hələ ki, bunu da etməyib, edə bilməyib. Bu azmış kimi, komandadaxili münasibətlər də nəzarətdən çıxıb. Tellur Mütəllimovun ilk hissənin gedişində futbolçu yoldaşına necə sərt irad bildirməsini gördüzmü? Elə bil, Tellurun ətindən kəsmişdilər, əl-qolunu «ölçə-ölçə» deyinirdi. Baqa bunların qulağını çəkməyə gecikir. Biri ona başa salsın ki, bura «Sumqayıt»dır, nizam-intizamı qaydasına salmadığı yerdə xeyir-bərəkət də olmaz.
KAMİL

