AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt"ın apellyasiya şikayətini təmin edib.
Oyunçuların Statusu və Transferi Komitəsinin “Baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova klub tərəfindən kompensasiya ödənilməsi” barədə martın 17-dəki qərarı ləğv olunub.
"Gənclik şəhəri" təmsilçisi dekabrın 16-da baş məşqçisi Ayxan Abbasovu istefaya göndərib. Elnur Çodarov onun korpusunda yer alıb.
Ikinci Sportinfo.az-a açıqlamasında yaranmış vəziyyət haqda bunları söyləyib:
“Sumqayıt” Futbol Klubunun müqaviləni üzürsüz səbəbdən birtərəfli şəkildə pozması ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsininə şikayət etmişdim.
Komitə məsələni araşdırdıqdan sonra klubun müqaviləyə birtərəfli şəkildə xitam verməklə müqavilə şərtlərini pozduğunu və dörd aylıq əməkhaqqımı ödəməli olduğunu qərara almışdı.
Amma “Sumqayıt” bununla bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına müraciət etdi. Tribunal isə komitənin qərarını ləğv etdi.
Hələ ki, qərar və onun nəyə əsaslandığı haqqında mənə rəsmi bildiriş gəlməyib. Yalnız bundan sonra növbəti addımlar haqqında danışmaq olar.
Amma hüquqi baxımdan sona qədər haqqımı tələb edəcəm. İndi onu deyə bilərəm ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı şikayətə baxarkən, əsasnaməsinin 11-ci bəndini kobud şəkildə pozub.
Tribunalın 11-ci maddəsində deyilir ki, apellyasiya şikayətini qəbul etdikdən sonra Tribunalın katibi bunu cavabdehə bildirir və cavabdehin öz cavabını verməsi üçün apellyasiya şikayətini aldıqdan sonra 10 gün müddət müəyyən edir.
Amma mənə hər hansı bildiriş verilməyib və aprel ayının 1-də elektron məktub göndərərək, 8 aprel tarixinə iclas təyin etdiklərini yazıblar.
Bu isə həmin iclasın və orada qəbul olunan qərarın keçərsiz olduğunu göstərir”.

