Premyer Liqanın 22-ci turu lider "Qarabağ"ın Sumqayıt səfəri ilə yadda qaldı.
Qonaqların böyük hesabla (3-0) qələbə qazandığı matça kifayət qədər böyük maraq vardı. Belə ki, çox sayda fanat tribunalarda yer almışdı.
Təbii ki, bunda rəqibin kimliyi də böyük rol oynayırdı. Bir vaxtlar çıxış etdiyi şəhərə gələn komandanı çox sayda azarkeşi həmişəki kimi qarşılamağa gəlmişdi.
Hətta iş o həddə çatıb ki, görüşü izləmək istəyən çox sayda insan stadiona daxil ola bilməyib.
Onlara arenanın tam dolduğu deyilib. Amma azarkeşlər sosial şəbəkədə narazılıq edərək bu cavabın reallığı əks etdirmədiyini bildiriblər. Həqiqətən də tribunalarda boş yerlərin gözə dəydiyi görünürdü. Bəs nə üçün həmin insanlar arenaya buraxılmayıblar?
Sorğumuza cavab olaraq "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Sumqayıtda heç vaxt azarkeşlə bağlı problem olmayıb. Bu şəhərdə futbolu sevirlər və maraq ən yüksək səviyyədədir.
"Qarabağ"la oyun olduğu üçün diqqət daha da çox idi. Çöldə qalan azarkeş sayı ilə bağlı dəqiq məlumatlı deyiləm. Amma stadion tam şəkildə dolmuşdu.
Hətta arenanın kənarında da azarkeşləri görmək mümkün idi. Yəni azarkeşlərin çöldə qalması klubdan qaynaqlanan məsələ deyildi. Sadəcə tribunalar tam şəkildə dolduğu üçün həmin azarkeşlər stadiona buraxılmamışdı".
XANOĞLAN

