De Byazinin dostu Ayxan Abbasovun haqqını necə "YEDİ"?

16 Aprel 2022 14:40 Sumqayıt 593
De Byazinin dostu Ayxan Abbasovun haqqını necə "YEDİ"?

"Milliyə ötən mövsüm "Sumqayıt"dan 7-8 futbolçunun dəvət almasının kökündə De Byazi ilə isti münasibətimin olması fikri tam yanlışdır.

De Byazi mənə görə onları dəvət edirdisə, indi niyə çağırmır?

İtaliyalı başqa klub rəhbərləri ilə necə münasibət qurursa, mənimlə də eynidir. Onunla ancaq öz oyunlarımızda görüşürəm".

Bu fikirlər "Sumqayıt"ın prezidenti Riad Rəfiyevə məxsusdur. Gənc klub rəhbəri mətbuata açıqlamasında yaranmış fürsəti gözəl dəyərləndirib, amma yalan danışıb.

Əvvəla bunu hamıdan yaxşı özünüz bilirsiniz ki, heç bir klub rəhbəri sizin qədər AFFA-ya və birbaşa De Byaziyə yaxın deyil.

Digər məsələ isə klub rəhbərləri ilə qurulan münasibətdir. Hələ sizin qədər italiyanla 90 dəqiqə matç izləyən, dərtləşən, şənlənən klub prezidenti görməmişəm. Ümumiyyətlə, hansı klub prezidenti matçı De Byazi ilə birgə oyun izləyib, müzakirə edib ki? Xatırlamıram!

Gələk əsas məsələyə. Deyirsiniz ki, De Byazi 7-8 futbolçunu mənə görə dəvət edirdisə, indi niyə çağırmır?

Yaxşı sualdı, amma cavabsız deyil. 7-8 futbolçu milliyə dəvət alanda komanda avrokuboklarda iştirak edirdi, medallar uğurunda mübarizə aparırdı.

Və siz də bunu fürsət bilib, yaxın münasibətdə olduğunuz milli çalışdırıcıya "yüksək pillədəyik, yaxşı mübarizə aparırıq, bizdən də flankəsləri dəvət etmək olar" deyə bilirdiniz.

Tapşırıqla yığılan milliyə yönəlik haqqlı tənqidlərə isə turnir cədvəli ilə cavab vermək imkanınız vardı.

Amma indi belə bir fürsətiniz, imkanınız yoxdur axı. Ki, əndərabadi qərarınızla komandanın uğurlarının birbaşa təminatçısı və memarı olan Ayxan Abbasov Aleksey Baqa ilə əvəzlənib.

İndi nə o mübarizə, nə də turnir cədvəlindəki xoş mənzərə var. Özünüz də bilirsiniz ki, indiki şərtlər altındq hansı üzlə De Byaziyə flankəsi çağır demək olar? Əsla olmaz!

Bir sözlə, Abbasovun milli səviyyəyə çatdırdığı Höccət Haqverdini, Əli Qurbanini, Vuqar Mustafayevi, Tellur Mütəllimovu, Aydın Bayramovu, Rəhim Sadıxovu bir zənglə siyahıya saldıra bilərdiniz. Ki, deməyə, göstərməyə çox şey vardı.

Amma indi o lüksunuz yoxdur. Həmin imkan Abbasovla əldən getdi. Yaxın zamanda geri qayıtmaq perespektivi də görünmür. Bu qədər sadə.

Sadəcə, Ayxan Abbasovun əməyini qiymətləndirməyə, zəhmətini dəyərləndirməyə diliniz, ədalətiniz yoxdur. Haqqını yediniz, heç olmasa yalan danışmayın.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti