İndi fələk də "Sumqayıt"in üz döndərib.
Ardıcıl 12-ci matçdır qələbəyə həsrət qalıb.
Sonuncu dəfə 2021-ci il oktyabrın 31-də "Səbail" üzərində qazanıblar - 2:0.
Hazırda 14 xalla 7-ci yerdə gedirlər. Hara gedirlər? Hə, bunu nə Aleksey Baqa bilir, nə də futbolçuları.
Belaruslu öncədən ağlına gətirsəydi ki, burada belə bir halla qarşılaşacaq, ömür-billah o müqaviləyə imzasını atmazdı. Litva, Qazaxıstan kimi ölkələrdə işləmiş birinin «Sumqayıt»da özünü «xərcləməsi», doğrudan da, futbolun sərt ironiyasıdır.
Və yəqin ki, Baqanı bura gətirənlər ötən günlərin xiffətini çəkir. Onların düşdüyü vəziyyət «Qayınana» filmində olduğu kimidir: divardan asılmış şəkilin qarşısında dayanıb, özlərinə sual verirlər: haradasan, ay Məşədi Kazım?!
Həmin bu Məşədi Kazım (oxu – Ayxan Abbasov) indi haradadır, bilinir. Buzovnada, ata evində oturub istirahətini edir.
Ondan geriyə qalan komandadan isə bu gün əsər-əlamət yoxdur. Hayı gedib, vayı qalıb, bu isə heç kimə lazım deyil. birinci də elə Baqanın özünə.
Adam rəsmən başını cəncələ salıb. Qışda etdiyi transferlər odun üstünə benzin töküb, evi qızdırmayıb. Vüqar Bəybalayevlə Elşən Abdullayev quru «maket»dən savayı nəyəsə yaramır.
Araz Abdullayev isə çıxdığı oyunlarda rəqibin «əlinə su tökür». Yunanıstan karyerası növbəti dəfə uğursuzluqla sonuclanmış yarımmüdafiəçi neçə turdur meydan alıb, hələ də «Sumqayıt»ın formasını geyinmək istəmir, qarşı tərəfdən «oynayır».
Komanda qol vurmursa, qələbə qazana bilməz. Nə Araz bunun üçün çalışır, nə də başqaları.
Rəhim Sadıxov? Bəzən «beşatlan» da öz-özünə açılır. Rəhim, əslində, «Sumqayıt» ötən ilin yayında tərk edib, gördüyümüz onun siluetidir. «Kefkom» və özündənrazı olub. İstəyəndə oynayır, istəməyəndə gəzişir.
«Sumqayıt» Andrey Popoviçlə müqavilə bağlandığını günorta açıqladı. Axşam saatlarında isə Baqa komandanın qapısını ona tapşırdı.
Ukraynadakı müharibənin içindən çıxıb gəlmiş, yaşadığı dəhşətləri başından ata bilməmiş Popoviçə start heyətində yer vermək baş məşqçinin özü seçimidirmi?
Bu da şübhəlidir.
Ümumiyyətlə, ilk «onbirliy»in müəyyənləşdirilməsində, əvəzetmələrdə də söz sahibi odurmu? Mənim buna da inanmağım gəlmir.
Baqa gələndə başqa vədlər vermişdi. Bu üç ayda 3 nəfər demirəm, bir gənci akademiyadan tapıb üzə çıxardığını görmədim.
İbrahim Əliyevin adını çəkməyin, haqqında artıq çoxdan Sumqayıtdan başqa-başqa «əfsanələr» dolaşır.
Başqa kim?
«İnkubaior» kimi çalışan akademiya Baqanın gözünə yoxsulun «gecəqondu»su kimi dəyir və ən təhlükəli nüans da bu olsun gərək!
KAMİL

