"Sumqayıt" Azərbaycan Premyer Liqasında növbəti məğlubiyyətini bu gün evdə "Sabah"dan aldı - 0:3.
Start heyəti açıqlanan kimi qapı mövqeyində köhnə-yeni sima Andrey Popoviçin olmasını görüncə təəccübləndim. Əsas qapıçı Aydın Bayramovun ehtiyat oyunçular arasında olması isə ümumiyyətlə, məni şoka saldı.
Nə vacib idi ki, günorta rəsmi müqavilə imzalanan ukraynalı axşam əsas heyətdə meydana buraxılsın? Bununla dünənə kimi əsas qapıçı sayılan Bayramova haqqsızlıq etmiş olmadınızmı?
26 yaşlı Aydın Bayramovu yox, 27 yaşlı Tərlan Əhmədlini də yox, alkaşlıq etməsinə görə ölkəmizdən qovulan milliləşdirilmiş sıradan bir ukraynalıya ilk andaca şans vermək üçün "fövqəladə ağıl" yiyəsi olmaq lazımdır. Ki, sizin də bu baxımdan probleminiz yoxdur. Ona görə cəmdə danışıram ki, mənə görə bu addım yalnız Baqanın beyninin məhsulu deyil. Heç Popoviç oyunçu olaraq da onun məhsulu deyil. Nəyisə...
Hər şeyi bir kənaraq qoyaq, bəs "Sumqayıt"ın missiyası yerli futbolçuların inkişafına dəstək deyildimi? Belə dəstək olursunuz? Ayxan Abbasovun dönəmində Azərbaycan milli komandasına kimi yüksələn bir qapıçını bu gün autsayder komandaya layiq görmürsünüz. Dəstəyiniz lazım deyil, heç olmasa bir azərbaycanlı balasına belə zərbə vurub, sındırmayın!
Verilən qərarın nə qədər mənasız, ucuz, yersiz, düşüncəsiz olmasının əsl qiymətini isə Popoviç özü meydanda buraxdığı 3 qolla cavab verdi. Necədi, xoşunuza gəldimi?
XANOĞLAN İMANOV

