Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviç yenidən ölkəmizə qayıdıb,
"Sumqayıt"da çıxış edəcəyini xəbər vermişdik. Hətta klub tərəfindən də xəbər təsdiqlənmişdi.
30 yaşlı qolkiper isə 15 martdan Bakıdadır. Amma futbolçunun 2 həftədən artıq müddətdir ölkəmizdə olmasına rəğmən, klub hələ də bu transferi açıqlamayıb. Məşhur transfermarkt.ru saytı da Popoviçi hələ "LNZ"nın üzvü kimi göstərir.
Klubdan əldə etdiyimiz məlumata görə yaranmış qeyri-müəyyənlik "Sumqayıt" tərəfi ilə bağlı deyil. Təmsilçimiz müqavilənin bütün detallarını qapıçı ilə razılaşıb.
Sadəcə, milliləşdirilmiş futbolçunun son klubu ilə müəyyən sənəd məsələlərində həll olunmayan detallar var. Təqdimatın gecikməsi də bu səbəbdən dolayıdır.
Son olaraq Ukraynada II liqa təmsilçisi LNZ-də çıxış etmiş kiper köhnə-yeni klubu ilə gələn mövsümün sonunadək anlaşma əldə edib.
Popoviç karyerası ərzində ölkəmizdə “Bakı”, “Abşeron”, “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ”nin formasını geyinib.
İçki aludəçisi olduğu üçün əyalət klubundan uzaqlaşdırılmış kiper Azərbaycanın U-17, U-19 və U-21 yığmaları ilə yanaşı, iki matçda da əsas millimizin (Albaniya – 1:0, Sinqapur – 2:2) formasını geyinib. Həmin iki qarşılaşma müvafiq olaraq 2011 və 2012-ci ilə təsadüf edir.
XANOĞLAN / SPORTİNFO.AZ

