Sadəlik gözəllikdir.
Gözəllik futboldur.
Futbol da sadə oyundur. Onu gözəlləşdirən də qoldur.
Futbolun ən çətin tərəfi sadə oynaya bilməkdir. Aleksey Baqanın «Sumqayıt»da nə etmək istədiyini anlaya bilmək üçün futboldan bir qədər kənara çıxmaq gərəkdir.
Üç aya yaxındır görəvdədir, komanda hələ də yaxın keçmişin xoş xatirələri ilə yaşayır.
Uçurumun dibi görünmür, Baqa «Sumqayıt»ı o tərəfə aparır. Belaruslunu Avropa səviyyəli məşqçi kimi təqdim edənlər indi çıxsın irəli və cavab versin: dediyiniz «klasmen» bu idi?
«Sumqayıt» bu qədər ölüvay görsənməyib heç vaxt. Premyer Liqada çıxış etməyə başladıqları ilk illərdə belə! Baqa qələbə qazana bilmədikləri hər oyundan sonra aşağı-yuxarı eyni bəhanələri dilə gətirir.
Bildik də, futboçuda özgüvən yoxdursa, bunu düzəltmək çətindir, vaxt lazımdır.
Üç ay bir igidin ömrüdür və adətən, baş məşqçi dəyişikliyi olanda futbolçular özünü yeni gələnə göstərmək üçün əldən-ayaqdan gedir.
Bu, futbolun yazılmayan qanunudur. «Sumqayıt» da futbol ailəsinin bir üzvüdür və həmin bu yazılmayan qanun onun üçün keçərlidir.
Fəqət, görürük ki, «Sumqayıt»lı futbolçular 3 ay qabaqkından daha neqativ təsir bağışlayır.
Baş məşqçinin əməyi meydançada bilinər. Fərz edək ki, həqiqətən 1-2 aparıcı futbolçunun Ayxan Abbasovla problemi yaranmışdı, qış fasiləsinədək olan nəticələr bu üzdən pis gəldi.
Əgər söhbət psixologiyadan gedirsə, yaxşı, o ki artıq buranı tərk edib, Baqa niyə hələ də komandanı relsə salmağı bacarmır? Adicə qımıldanma yoxdur futbolçularda.
KAMİL

