Ayxan Abbasovun «Sumqayıt»ı çempionatın ən döyüşkən komandası idi.
Aleksey Baqanın «Sumqayıt»ı çempionatın ən təslimçi komandasıdır.
Baş məşqçi dəyişikliyinin ən pis təsiri bu olsun gərək.
İndən belə çox iş görülməsi lazım deyil. sezon əldən gedib. Kubokda yoxdurlar. Premyer Liqada da elə yox kimidirlər. Sonuncu pilləni tutmamaq – bunu edə bilsələr, böyük işdir.
Çün Baqa küskündür. Futbolçularından da, özündən də. Yəqin ki, adam indi oturub fikirləşir: «axı mən hansı ağılla bura gəldim» deyə. Yüz fikir bir borcu ödəməz – bunu da hər ötən oyun ona izah edir/edər.
«Sumqayıt»ın rəsmini toz basıb. Rənglər bir-birinə qarışıb. Gələn turlarda da fərqli bir şeylər müşahidə etməyəcəyik. Eyni şey, eyni şey – məğlubiyyətlərin ardı gələcək.
Baqa bunu «Qəbələ»yə dünənki yenilgidən sonra başa düşübsə, vay halına! Belaruslu hələ kubokda «Qəbələ» ilə keçirdikləri oyunlar əsnasında həqiqəti dərk etməli idi.
Ki, it də gedib, ip də - nələrisə dəyişməlidir.
Ayxan Abbasova sahiblənməyən futbolçuların onu da bağrına basmayacağını gözünün qarşısına gətirməli, «qara məni basınca, qoy qaranı mən basım» düşüncəsi ilə hərəkətə keçməli idi.
Yenə də gec deyil, ziyanın yarısından qayıtsın.
KAMİL

