"Sumqayıt"ın qış fasiləsindən sonrakı uğursuz çıxışı davam edir.
Ölkə kubokunda "Qəbələ" ilə bacarmayan, Premyer Liqada "Səbail"lə bərabarə (1-1) qalan komanda bu dəfə daha böyük biabırçılıq yaşadı. "Kimyaçılar" doğma meydanda "Qəbələ"yə darmadağın oldu.
4 qarşılaşma arxada qalsa da, Belaruslu Aleksey Baqa heç cür komandanı cilovlaya bilmir. Hələ hər keçən gün olub-qalan oyun modeli də aradan gedir.
Əslindən belə gedişat gözlənilən idi. Buna görə də uğursuzluqda Baqanı zərrə olsun günahkar görmək lazım deyil. Düzdü, hər şeyə o cavabdehdir və hara gəldiyini bilməliydi. Amma tutaq ki, o yeni gəlib. Bəs rəhbərlik ki, belə olacağını bilmirdimi? Bilirdi...
Sadəcə komandanın sabiq çalışdırıcısı Ayxan Abbasov rəhbərliyi pis öyrətmişdi. Kiçik potensialla böyük nəticələr qazanmaqla. Onlar da elə zənn edirdilər ki, yox, baş məşqçidən çox elə material uğur qazanmaq üçün imkan verir. İlk imkandaca zənləri suya qərq oldu.
Halbuki Abbasov dəfələrlə rəhbərliyə güclənməyin vacibliyini, hər keçən gün güclənən rəqiblərlə döyüşməyin çətin olduğunu başa salmağa çalışırdı. Hətta uğurlar gələndə də Ayxan müəllim bu fikirləri açıqca dilə gətirirdi.
O, bilirdi ki, belə gedişat yaxşı gələcək vəd etmir. Hiss edir, duyur və rəhbərliyi də bundan agah edirdi. Amma rəsmilər başa düşmədilər, başa düşmək istəmədilər.
İstefasından sonra gənc mütəxəssis dediyi kimi, yeni transferlə əvəzinə yeni baş məşqçi gətirməyə qərar verdilər. Bu da nəticəsi. Həqiqətən, zaman Ayxan Abbasovun fikirlərində nə qədər doğru olduğunu bircə-bircə isbat edir.
XANOĞLAN İMANOV

