"Sumqayıt" Premyer Liqanın 17-ci turu çərçivəsində bu gün doğma meydanda "Qəbələ"ni qonaq etdi.
Amma bölgə klubu Sumqayıtda özünü heç də qonaq kimi aparmadı. Elmar Baxşıyevin yetirmələri Aleksey Baqanın "Sumqayıt"ına sözünü həqiqi mənasında dərs keçdi.
Hər zaman ağır səfər statusu daşıyan Sumqayıtda bu dəfə qonaqlar özünü suda balıq kimi hiss elədi. Hər formada qol vurdular, gəzə-gəzə qol epizodları yaratdılar və sonda da darmadığınla 3 xalı özləri ilə apardılar.
"Sumqayıt" azarkeşi sevimli komandasını sonuncu dəfə belə rəzil durumda gördüyünü yəqin ki, xatırlamır. Məğlub olanda nə olar axı, amma mübarizəyə nə söz? Döyüşməyə, meydanın hər qarışı uğurunda can qoymağa nə söz?
Bunu axı "Sumqayıt"ın hazırkı futbolçuları bacara bildiyini son illər göstərib. İndi nə oldu? Mübariz kollektiv ruhu yerini dağınıq, ruhu ölmüş və küskün təsir bağışlayan komandaya verib.
"Sumqayıt" rəhbərliyi Belaruslu mütəxəssisi bunun üçünmü qışda bəh-bəhlə komandaya gətirmişdi? Hər keçən tur həmin qaranlıq qərarın fəsadları öz çılpaqlığı ilə üzə çıxmaqdadır. Görünən odur ki, bu gedişlə b gün "Qəbələ" 4-ün vurub gedir, sabah da digərləri bunu edəcək.
XANOĞLAN İMANOV

