Aleksey Baqa: “Qarabağ”la matçın təxirə salınması xeyrimizə oldu"

24 Fevral 2022 11:40 Sumqayıt 1 178
Aleksey Baqa: “Qarabağ”la matçın təxirə salınması xeyrimizə oldu"

“Qarabağ”la oyunumuzun təxirə salınmasına anlayışla yanaşdıq. “Qarabağ” səviyyəsi yüksək, mütləq hörmət olunası rəqibdir.

“Marsel”lə oyuna hazırlaşdıqlarını başa düşürük. Cavab görüşündə onlara uğurlar arzulayırıq”.

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində fevralın 20-də baş tutmalı olan, lakin Ağdam klubunun müraciəti əsasında təxirə salınan oyun barədə Sportinfo.az-a danışıb.

Belaruslu mütəxəssisin “Qarabağ”a hörmətlə yanaşması, rəqibi anlayışla qarşılaması, oyunun təxirə salınmasına etiraz etməməsini başa düşdük.

Sual doğuran məqam yaranmış fasilənin “Sumqayıt”a necə təsir edəcəyidir. “Sükan arxasına” qış fasiləsində keçən Baqa hələ də istədiyi kollektivi formalaşdıra bilməyib. Fasilənin yaranması bu baxımdan xeyrinə işləyə bilər.

Digər tərəfdən təxminən 2 həftəlik boşluğun əmələ gəlməsi komandanı oyun tempindən salması mümkündür. 41 yaşlı çalışdırıcı matçın təxirə salınmasının faydasını görəcəklərini düşünür:

“Həftəsonu boş qalmadıq. Əvəzedici komandamızla yoldaşlıq görüşü keçirdik və düşünürəm ki, futbolçular yaxşı oyun yükü qazandı.

Eyni zamanda gənclərimizi təcrübəlilərlə görüşdə iş başında gördük.Antalyadakı yoldaşlıq oyunları hələ görülməli çox işlərin qaldığını göstərdi. Bu dönəmdə də həmin çatışmazlıqların bəzilərinin üzərində işlədik.

Qısası, “Qarabağ”la matçın təxirə salınması xeyrimizə oldu. “Qəbələ”ylə ev qarşılaşmasına lazımi qaydada hazırlaşırıq”.

16-cı turdan təxirə salınan “Qarabağ” – “Sumqayıt” oyunu mayın 12-də keçiriləcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti