Bir yeni tərəfdaş gəldi, iki sponsorla danışıqlar gedir - FOTOLAR

23 Fevral 2022 09:40 Sumqayıt 1 074
Bir yeni tərəfdaş gəldi, iki sponsorla danışıqlar gedir - FOTOLAR

“Sumqayıt” ilə “Gədəbəy Mineral Suları” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Anlaşma 2022/2023 mövsümünün sonuna qədər qüvvədə olacaq.

"Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və “Gədəbəy Mineral Suları” MMC-nin direktoru Adil Haqverdiyev iştirak edib.

Müqavilə imzalandıqdan sonra “Gədəbəy Mineral Suları” MMC-nin rəhbərliyinə xatirə olaraq, "Sumqayıt"ın oyun geyimi hədiyyə edilib.

Tərəflər arasındakı razılaşmaya əsasən, bu müddət ərzində “Gədəbəy Mineral Suları”nın sahib olduğu “Slavyanka” markası komandanın su partnyoru olacaq.

Bunun qarşılığında isə əsas komandanın oyun geyimlərində və “Kapital Bank Arena”da şirkətin tanınma nişanının olduğu bannerlər yer alacaq.

Bundan başqa, il ərzində hər iki qurum arasında müxtəlif sosial tipli layihələr həyata keçiriləcək.

“Slavyanka” Azərbaycanın ilk qazsız qablaşdırılmış mineral süfrə suyu markasıdır və 2004-cü ildən bəri (18 ildir) Gədəbəy dağlarındakı saf bulaqlardan toplanan sulardan əldə olunur.

Suya olan tələbatı nəzərə alaraq, 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü ildən isə limonad fabriki fəaliyyətə başlamışdır.

Hazırda dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən Gədəbəy dağlarındakı 12 bulaqdan fabrikə su daxil olur.

Bulaqlardan gələn sular Gədəbəyin Zəhmət kəndindəki fabrikdə toplanır, mineral tərkibi qorunmaqla çox detallı təmizləmə prosedurlarından keçir, istehsal olunur və Azərbaycanın bütün regionlarına çatdırılır.

“Sumqayıt” “Slavyanka”nın gəlişindən sonra “Şeh su“ ilə əməkdaşlığı dayandırıb. “Azərikimya” İstehsalat Birliyinin baş sponsoru olduğu klub son illərdə bir neçə tanınmış biznes subyektləri ilə işbirliyi qurmağı bacarıb.

“Kapital Bank”, “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti, “Universal Pro MMC şirkəti və “Kontakt Home” bura daxildir.

Davamı gələcək. Sumqayıtın eyniadlı təmsilçisi daha iki şirkətlə danışıqlar aparır. Onlardan biri tibb, digəri yüngül sənaye sektorunda fəaliyyət göstərir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti