14-cü turu əminliklə cari mövsümün ən səs-küylü həftəsi adlandıra bilərik.
3 gün aralığında baş tutacaq 5 oyunun hər birində xüsusi prinsipiallıq var ki, bu da turnir cədvəlində əsasən bir-birinə yaxın komandaların üz-üzə gələcəyinə görədir.
Əlbəttə, turun “şah əsəri” “Sabah” – “Qarabağ” oyunu hesab olunur.
Qərb derbisində “Kəpəz”lə “Turan Tovuz”un dueli, autsayderlər – “Şamaxı” ilə “Sumqayıt”ın mübarizəsi, eləcə də qeyri-sabit nəticələri ilə yadda qalan “Neftçi” ilə qonşusu “Qəbələ”nin qarşılaşması, hətta “Zirə” – “Səbail” matçı səbrsizliklə gözlənilir.
Şamaxıda keçiriləcək oyuna toxunacağıq.
Kefləri sazdı
Hər iki komandada əhval-ruhiyyənin hərarəti kifayət qədər yüksəkdir. Meydan sahibləri bir həftə əvvəl Tovuzda yerli komanda üzərinə ilk qələbəsini qazanaraq xalların sayını 7-yə çatdırmağa nail oldusa, “Sumqayıt” “Neftçi” ilə matçda ovcunun içində olan 3 xalı qoruyub saxlaya bilmədi.
Amma istənilən halda ötən mövsümün gümüş mükafatçısı və başında əcnəbi mütəxəssisin dayandığı komanda ilə qarşılaşmadan 2 qol vuraraq 1 xalla ayrılmaq xoş nəticə kimi qəbul olundu.
Belə deyək, “Şamaxı”ylə “Sumqayıt”ın hər ikisi meydana xoş əhvalda çıxacaq. Kefinin köklüyünü əvvəldən sona qədər qoruya bilən hədəfinə çata biləcək.
Dava yer davasıdır
Premyer Liqada yeni ad olan “Şamaxı” ilə 12 idir elitada mübarizə aparan “Sumqayıt” arasında hansısa kənar amil prinsipiallığından söhbət gedə bilməz. Komandaların baş məşqçiləri Vüqar Əsgərli ilə (hətta Cavid Hüseynov olsa belə) Samir Abasovun indiyə qədər şəxsi ədavətdə olduğunu görməmişik. Sumqayıtla Şamaxının da prinsipial adlar olduğunu iddia etmək mümkünsüzdür.
İndiki məqamda dava xal və yer davasıdır. “Kimyaçılar” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, üstəlik, 13 oyundur qələbə üzünə həsrətdir. Mümkün 3 xal hər mənada Sumqayıtın eyniadlı komandasının işinə yarayacaq. Həm “zirzəmi”dən qurtulacaq, həm də daxildəki ab-hava və özünəinam 1-ə 5 artacaq.
“Şamaxı”nın doğma azarkeşləri önündə sonuncu yerin sahibinə boyun əyməsi isə olduqca təhlükəli görünür. Tovuzdakı qələbə təsadüf düşüncəsi yaradar, şamaxılı fanatlar komandaya arxa çevirər.
İndiki məqamda hansısa məşqçi və ya futbolçunun mümkün 1 xalı xəyal etməsi inandırıcı deyil. 3 xal həm meydan sahiblərinə, həm də qonaqlara şirin və yaxın görünür.
Qələbəyə yaxın görünən komanda
“Sumqayıt”a dönüşü bayrama çevrilən Samir Abasovun komandanı ağ günlərə daşıyacağına inananların sayı çoxdur. “Neftçi”ylə matçdakı 2:2-lik bərabərlik baş məşqçidən yerli publikaya siqnal idi.
Məşqçilik bacarığını göstərmək, “Neftçi”dəki çempionluğun təsadüfi olmadığını sübuta yetirmək üçün “kimyaçılar”ı düşdüyü vəziyyətdən çıxarmaq şərtdir.
Rəqib yalnız azərbaycanlılardan qurulmuş, heyətinin yarısı yaşı 22-yə qədər olan gənclərdən təşkil olunmuş “Şamaxı”dır.
Premyer Liqada addımlamağı indi-indi öyrənən futbolçulardan təşkil olunmuş meydan sahibləri ilə müqayisədə heyətində 10-a yaxın legioner cəmləyən “Sumqayıt”da təcrübəli azərbaycanlıların sayı da kifayət qədərdir.
Kağız üzərində sumqayıtlılar qələbəyə nisbətən yaxın görünür. Azarkeşlərin və klub rəhbərliyinin Şamaxı səfərində komandadan istədiyi də məhz 3 xaldır. Bu məqamın “Sumqayıt”a nə dərəcədə çətinlik yaradacağını birlikdə görəcəyik.
HƏBİB / SPORTİNFO.AZ

