"Sumqayıt"ın yeni transferi Araz Abdullayevin rəsmi matçlarda debütu ləngiyir.
"Qəbələ" ilə ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçını zədə səbəbindən buraxan yarımmüdafiəçi artıq 1 həftəyə yaxındı sağalıb və komanda ilə məşqlərdə iştirak edir.
Amma 29 yaşlı futbolçu "Səbail"lə Premyer Liqa matçına çıxmağa hazır olsa da baş məşqçi Aleksey Baqa onun oynamasına icazə verməyib
. Bu da səbəbsiz deyil. Belə ki, gənc çalışdırıcının Arazdan gözləntiləri böyükdür.
Belaruslu mütəxəssisin paytaxt klubu ilə matçda onu kənarda saxlamasına zədədən yeni qayıtması və "Bayıl Arena"nın bərbad örtüyü səbəb olub.
Premyer Liqadan avrokuboklara getməyin müşkül məsələ olduğunu yaxşı anlayan əcnəbi çalışdırıcı təcrübəli oyunçunu kubokun vacib cavab görüşünə saxlamağı daha məqsədə uyğun bilib.
Arazın debütu, nəhayət, Qəbələdə gerçəkləşəcək. "Kimyaçılar" üçün həyatı əhəmiyyətli matçda o, ilk dəqiqələrdən meydanda olacaq.
"Qəbələ" - "Sumqayıt" görüşü 13 fevral, saat 15:00-da keçiriləcək. Bölgə klubu səfərdə keçirdiyi ilk matçda minimal hesablı (1-0) qələbə qazanıb.
XANOĞLAN / SPORTİNFO.AZ

