Aleksey Baqa "Sumqayıt"a gətiriləndə ona ümidlər böyük idi. Hər halda bu da əbəs deyildi.
Belaruslunun gözəgəlimli karyerası var.
Gənc mütəxəssis az müddətdə böyük işlər görməyi bacarıb. O, 2018-ci ildə 36 yaşında BATE-ni Belarus çempionu edib.
Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə təmsilçisi “Arsenal”a məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.
Bir sözlə, zəngin karyera, zəngin təcrübə "kimyaçılar"da uğurlu olmağa yetərli səbəblər idi. Amma start heç də ürəkaçan olmadı.
Komanda Antalya toplanışından qələbəsiz qayıtdı. 3 yoxlama matçında bir bərabərlik və iki məğlubiyyət qeydə alındı. Buna hardasa yoxlama görüşüdü deyib, üzərindən keçdik.
İş orasındadır ki, rəsmi görüşlərdəki start da bərbad alındı. Son finalçı doğma meydanda "Qəbələ"yə minimal hesabla məğlub (0-1) oldu. Halbuki "kimyaçılar" üçün avrokuboklar yolunda ən münasib yol məhz kubok yolu idi. Səfərdə bölgə klubunu yolundan kənarlaşdırmaq Baqanın yetirmələri üçün heç də asan görünmür.
Bu gün isə əcnəbi mütəxəssisin Premyer Liqamızda debütu gerçəkləşəcək. Onun "Sumqayıt"ı "Səbail"in qonağıdır. Qələbə qazanmaq üçün əla şansdır. Məğlubiyyət sonuncu pilləyə yuvarlanmaq deməkdir. Bundan acı gedişat?
Bərabərlik belə "Sumqayıt" azarkeşlərini ovundura bilməz. Onların gözləntilərini tam itirməmək üçün axşamkı matçda qələbə mütləqdir.
Hə, kimsə deyə bilər ki, əcnəbi mütəxəssisdən indidən nəsə tələb etmək doğru deyil. Vaxt vermək, gözləmək lazımdır.
Amma unutmayaq ki, "Sumqayıt" nə "Keşlə"di, nə də "Səbail". Ki, gələn kimi köklü nələrisə dəyişəsən. Ayxan Abbasov bəlli sistem, uğur qazanmış komanda qoyub gedib.
Baqa da bunun fərqinə vardı ki, qış fasiləsində o qədər də böyük dəyişiklərə israrla ehtiyac görmədi.
Belə olan halda hər iki cəbhədə də qısa müddətdə uğursuzluq hökm sürəcəksə, deməli, bundan tək günahkar Aleksey Baqa sayılacaq.
XANOĞLAN İMANOV

