Bir müddət əvvəl "Sumqayıt"da baxışda olan, amma sonra İsveçə qayıdan Ayxan Cabbarovdan yeni xəbər var.
Belə ki, İsveçin "Göteborq" klubunun yetirməsi olan və hazırda bu ölkənin "Savadelans"ında çıxış edən Ayxan yayda yenidən "kimyaçılar"ın düşərgəsinə baxışa gələcək.
Bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportinfo.az-a açıqlamasında məlumat verib:
"Ayxanın komandamızdakı baxış müddəti çox az oldu. Cəmi 3 gün komandada baxışda oldu. Potensialı görünürdü, amma onun komandaya götürülməsi üçün 3 məşq yetərli olmadı.
Özü və valideyni ilə danışdıq ki, qarşıdakı dönəmdə diqqətimizdə olacaq. Növbəti toplanışda daha uzun müddətli zamanda ona baxmağa qərar verilib. Yəqin ki, bu, qarşıdakı yay toplanışında olacaq. Yalnız ondan sonra yekun qərar veriləcək.
Əsas səbəb dediyim kimi, cəmi 3 məşqdə baş məşqçimiz Aleksey Baqa ona baxa bildi. Bir futbolçu ilə bağlı geniş fikir əldə etmək üçün müddət təbii ki, çox azdır".
XANOĞLAN / SPORTİNFO.AZ

