Rusiyanın “championat.com” portalı “Sumqayıt”ın futbolçusu Camaləddin Xocaniyazova yazı həsr edib.
Sportinfo.az xəbər verir ki, rusiyalı həmkarlarımız bir vaxtlar böyük perspektiv vəd edən müdafiəçinin potensialını aça bilməməsini qabardıb.
2013-cü il mayın 13-də Rusiya yığması öz azarkeşlər ordusunu xoşbəxt edərək U-17-lər arasında Avropa çempionu oldu.
Dmitri Xomuxanın yetirmələrinin finalda İtaliyanı penaltilər seriyasında məğlub etməklə sensasiyalı şəkildə qızıl medallar qazandı. Gənc məşqçi Xomuxanı sehrbaz sayır, heyətin əksər üzvlərinə evdəki DÇ-2018-in gələcək qəhrəmanları kimi baxırdılar.
Avropa çempionlarından bəziləri – Aleksandr Qolovin, Dmitri Barinov, Rifat Jamaletdinov özünə yaxşı karyera qurdu. Aleksandr Zuyevlə Denis Yakuba da göz qabağındadır.
Qapıçı Anton Mitryuşkin, Aleksandr Makarov, Aleksey Qssilin kimilərə zədələr mane oldu. Bəziləri isə ümumi kütlənin içində əridilər. Xüsusilə də AVRO-2013-də yığmanın müdafiə xəttinin lideri Camaləddin Xocaniyazovun itməsi üzücüdür.
Türkmənistanda anadan olan Xocaniyazov 12 yaşında ailəsi ilə Tolyattiyə köçüb. O, məşhur Konoplyov akademiyasında peyda olub. 16 yaşadək orada olan gələcək Avropa çempionunun “Zenit” ələ keçirib.
Camaləddinin karyerasının əvvəli başgicəlləndirici olub. AVRO-2013-dəki qələbədən cəmi iki ay sonra “Zenit”in əsas heyətində yer alıb. Luçano Spalletti onu çempionatın “Kuban”la görüşündə (1:1) sol cinaha qoyub. 55 dəqiqə meydanda olan Camaləddin çox inamlı oynayıb. O, hesab 0:0 olarkən əvəzlənib ki, bu da onun görüşü quru keçirməsi anlamına gəlir.
Oyundan sonra Spalletti səmimiliklə onun barədə danışıb: “Düşünürəm ki, Camaləddinin debütünü əla saymaq olar. O, lap əvvəldə bir neçə səhv etdi. Amma bunlar heç nə demək deyil. Sonradan o, sonuncu müdafiəçi kimi qalanda da vəziyyətdə əla oynadı, topalmada gözəl çıxış etdi, bir neçə yaddaqalan ötürmə verdi. Ona görə çox şadam. Mənə elə gəlir ki, o, çox güclü və perspektivli oyunçudur. Onun əla gələcəyinə tam əminəm”
Spalletti verdiyi yüksək qiyməti növbəti oyunda Xocaniyazovu “Volqa” ilə matça (3:1) əsas heyətdə buraxmaqla təsdiqləyib. Bu dəfə Camaləddin bütün 90 dəqiqəni meydanda olub. Dörd gün sonra müdafiəçi Danimarka “Nordsyelland”ı ilə Çempionlar Liqasının təsnifat mərhələsinin cavab matçına (5:0) da ilk dəqiqələrdən çıxıb. Bu, nağıla bənzəyirdi.
Xocaniyazov “Zenit”in bazasında bir xeyli jurnalistin önündə dayanıb müsahibə verəndə isə Spalletti “aktyorluq edib” başını tutub. O, belə kiçik uşağın kameralara nə deyəcəyini düşünüb. Amma Avropa çempionu təmkinli, tərbiyəli və şüurlu oğlan kimi artıq heç nə danışmayıb. 17 yaşlı müdafiəçi özünü daha böyük kimi aparırdı. Diqqətin artması Camaləddini korlamamalı idi, buna inanmaq olmurdu.
Ancaq sonra nağıl bitdi. Görünür ki, Spalletti Xocaniyazova hələ “Zenit”də sabit olaraq əsas heyətdə çıxmağın tez olduğu qənaətinə gəlib. Avropa çempionu ehtiyat oyunçular skamyasına əyləşib. Çempionlar Liqasının “Atletiko” ilə görüşündə ehtiyatda da qalmaq 17 yaş üçün böyük uğurdur.
2014-cü ilin yanvarında “Zenit” Xocaniyazovu oyun praktikası qazanmaq üçün “Amkar”a göndərib. O, icarədə olduğu vaxtda Premyer Liqa təcrübəsi yığmalı idi. Sankt-Peterburq təmsilçisinin akademiyasının o vaxtkı rəhbəri Henk van Stee müdafiəçidən razı idi: “Camaləddində yüksək səviyyədə oynamaq üçün hər şey var. O, məsələn Niderland çempionatının ortababında daim oynayar. Yeri gəlmişkən, onun “Zenit”dəki 5 matçından heç biri pis olmayıb. Onu hərtərəfli hazırlığı fərqləndirir. Xocaniyazov sürətli, yaxşı mənada qəzəbli, topa sahib olanda təmkinlidir. Sonuncu keyfiyyəti bu yaşda nadir hallarda olur. O, ümumiyyətlə 17 yaşlı debütant deyil, daha təcrübəli futbolçu təsiri bağışlayır”.
Permdə Xocaniyazova şans vəd etmişdilər. Amma əksinə alındı. 2013/14 mövsümünün ikinci yarısında “Amkar”ı çalışdıran Stanislav Çerçesov müdafiəçini yalnız bir dəfə - “Zenit”lə martdakı görüşdə (1:2) meydana buraxdı. Həmin vaxt da Camaləddin cəmi yarım saat meydanda oldu.
Bundan az əvvəl, 2014-cü ilin fevralında Xocaniyazov gözlənilmədən Rusiyanın əsas yığmasının geniş heyətinə düşmüşdü. Buna təəccübünü gizlətməyən futbolçu Fabio Kapellodan avans aldığını bildirmişdi.
“Amkar”dan “Zenit”ə qayıdan Xocaniyazov 2014/15 mövsümündə əsas komandada bir oyun keçirib. O, Avropa Liqasının “Sevilya” ilə 1/4 final matçında sona 20 dəqiqə qalmış meydana çıxıb. Premyer Liqada ehtiyata da həmişə düşmürdü. Xomuxanın baş məşqçisi olduğu U-19-la Avropa çempionatında finala yüksəlib gümüş qazanan müdafiəçi əvvəlki kimi təsir bağışlamırdı. Hətta turnirdə qırmızı vərəqə də alıb. Yarış ərəfəsində xarici pasportunu itirən Camaləddin yalnız səfər günü onu tapması ilə də diqqət çəkib.
Avqustda “Zenit” onu “Orxus”a satıb. Avropanı xəyal edən oyunçu 19 yaşında Danimarkada peyda olub. Onunla dünyanın istedadlarını heyətinə yığmağa başlayan “Leypsiq”də maraqlansa da, danışıqlar müsbət nəticələnməyib. “Orxus”a keçəndən sonra müsahibə verən müdafiəçi özünü 2-3 ildən sonra Bundesliqada gördüyünü bildirib.
Vaxt keçsə də, rusiyalı istedad Danimarkada inkişaf etmirdi. Onun sol, yoxsa mərkəz müdafiəçisi olması hələ də sual kimi qalırdı. O, cinah üçün hücumlarda effektli deyildisə, mərkəz üçün atletik sayılmırdı. Bu üzdən də “Orxus”da hərdən bir mövqedə oynayır, həmişə heyətə düşmürdü. O, iki mövsümdə ümumilikdə 42 oyun keçirib.
Bir neçə ildən sonra Xocaniyazov Almaniyada deyil, azad agent oldu. O, yarım il klubsuz qaldı. “Orxus”un idman direktoru Piter Kristensen bildirib ki, rusiyalı legioner ondan gözlənilən inkişafa nail olmayıb və bu üzdən əməkdaşlığa qarşılıqlı razılıqla xitam verilib. Camaləddin baş məşqçi ilə fikir ayrılığı yarandığını, “Zenit”də dönərsə, xoşbəxt olacağını bildirib.
2018-ci ilin yanvarın sonra onun karyerasında diqqət çəkəcək heç nə yoxdur. Yarım il FNL-da çıxış edən Peterburq “Dinamo”sunda, qəribə müddət – 26 gün “Baltika”da keçirən Xocaniyazov yalnız bir Premyer Liqa matçına çıxdığı “Ural”da mövsümü sona çatdırmayıb. “Zenit”lə 1:4 hesablı səfər matçında elə oynadı ki, bir də ehtiyat oyunçular skamyasından durmadı. Sonra Belarusa yollanan müdafiəçi BATE-də zədələri ilə mübarizə aparıb. O, orada cəmi yarım il qalıb. Sabiq “Zenit”li heç bir komandada əsas heyətin daimi üzvünə çevrilməyib.
2019-cu ilin yayında Xocaniyazov Azərbaycana yollandı və nəhayət orada öz komandasını tapdı. Artıq 2,5 ildir ki, rusiyalı “Sumqayıt”da çıxış edir. O, bu komandada əsas mərkəz müdafiəçisidir. İlk mövsümdə Azərbaycan çempionatında 4-cü, ikincidə 3-cü olub. İndi Camaləddinin komandası daha pisdir – onlar 7-ci yerdə gedir. Camaləddin “Sumqayıt”la Avropa Liqası və Konfrans Liqasının təsnifatında oynayıb, hətta komandanı kapitan kimi meydana çıxarıb.
Amma əlbəttə ki, bu, Camaləddinin özünün xəyal etdiyi o səviyyə deyil. Şayiələr gəzirdi ki, Camaləddin Azərbaycan yığmasına cəlb edilə bilər. Yeri gəlmişkən, AVRO-2013-ün çempionu olan “Zenit”in digər yetirməsi Ramil Şeydayev də bu millidə oynayır. Ola bilsin ki, bu Camakəddin üçün Almaniya və İspaniya səviyyəli rəqiblərlə qarşılaşmaq üçün son şansdır.
Təəssüf ki, istedadlı futbolçunun hekayəsi üzücüdür. Onun geriləmə səbəblərini Xomuxa belə izah edib: “Xocaniyazov müəyyən mərhələdə artıq çox şeyə nail olduğunu və hər şeyin öz-özünə belə davam edəcəyini hesab edib. Bu, gənc futbolçulara xasdır. Peşəkar futbol hər dəqiqə konsentrasiya istəyir. Özünə qarşı tələbi azaldan kimi inkişaf dayanır, geriləmə başlayır” (apasport.az).

