Ayxan Abbasovla yolları ayıran "Sumqayıt" qısa müddət fasilədən sonra boş qalan posta Aleksey Baqanı təyin etdi.
Açığı, diqqət çəkən karyerası olan belaruslunun "Sumqayıt"a gəlməyə razılıq verməsi hər kəsi təəccübləndirdi.
Amma istənilən halda təyinat baş tutdu.
Bir neçə gün əvvəl 40 yaşlı mütəxəssisə təmtəraqlı mətbuat konfransı da təşkil olundu.
İnsafən, mütəxəssisin açıqlamları həqiqətə söykənən fikirlərdən ibarət idi. Nə çox yuxarıdan getdi, nə də bura boş-boşuna gəlmədiyini göstərmiş oldu.
Son günlər klubun yerli futbolçu strategiyasını dəyişəcəyi çox yazılsa da, klub prezidenti Riad Rəifyev bu fikri də təkzib edərək, yerlilərlə davam edəcəklərini xüsusi vurğuladı. Deməli, Baqanı heç də asan iş gözləmir.
Dünən isə "kimyaçılar"ın prezidenti Riad Rəfiyev gənc mütəxəssislə Azərbaycanın bütövlüyü uğrunda canından keçərək şəhid olan qəhrəmanları ziyarət etdilər.
Şəhidlər xiyabanına olan ziyarət haqqlı olaraq hamı tərəfindən böyük rəğbət qazandı. Düşüncəyə əhsən!
Əslində ölkəmizə gələn bütün əcnəbilərin ilk ziyarət yeri həmin qəhrəmanlarımızın məzarı olmalıdır. İnanaq ki, "Sumqayıt" rəhbərliyinin atdığım gözəl addım digər klublarımız üçün də bir örnək rolunu oynamış olacaq.
Bir sözlə, meydandan kənar atılan bütün addımlar hələki pis getmir. Düzdü, Ayxan Abbasovun göndərilməsi yanlış qərar idi. Fikrimdə indi də qalıram. Amma dünəndə qalmaq da nəyisə dəyişəsi deyil axı.
Yeni seçim isə pis başlamayıb. Amma ona əsl qiymət meydandan kənar yox, meydanda atacağı addımlar və göstərəcəyi nəticələrə görə veriləcək. Necə qiymət olacağını isə mövsümün sonu, bəlkə, daha tez birlikdə görəcəyik.
Xanoğlan İmanov

