“Baqa çox yaxşı insan, çox yaxşı mütəxəssisdir. Öz işinin ustasıdır, məşqçi kimi bacarıqlıdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq qapıçısı Aleksandr Martyoşkin deyib.
2006-2006-cı illər aralığında ölkəmizdə legioner həyatı yaşamış 51 yaşlı mütəxəssis 10 ildən çoxdur vətəni Belarusda qapıçılarla işləyən məşqçi kimi fəaliyyət göstərir.
Martyoşkin Aleksey Baqanın “Sumqayıt”ı seçməsinə təəccüblənmədiyini bildirib:
“Baqa öz üzərində çox işləyir. Azərbaycana üz tutmasında məqsədi özünü ölkə xaricində sınamaq istəyinə görədir. Buna qədər Litva ilə Qazaxıstanda işləmişdi. Görünür, bu dəfə Azərbaycanda uğur qazanmağı hədəfləyib”.
40 yaşlı mütəxəssis məşqçilik karyerasında kifayət qədər tanınan və yaxşı büdcəyə sahib klublarda çalışıb. BATE, “Jalgiris”, “Aktobe”, “Şaxtyor” (Soliqorsk) klubları ölkələrində kifayət qədər tanınan köklü klublardır.
Belədə, onu 12 yaşı olan və daxili arenada yalnız qazandığı “bürünc” medalla öyünən “Sumqayıt”a gəlməyə nə vadar edib?
Daha iddialı kluba üz tutması mümkün olmayıb, yoxsa bilmədiyimiz səbəb var?
Martyoşkinin suala cavabı belə oldu:
“Klubla Baqa arasında hansı anlaşmanın olduğunu bilmirəm. Mənə elə gəlir ki, Baqa büdcəyə ciddi önəm vermədən necə məşqçi olduğunu göstərmək üçün Azərbaycana yollanıb.
Hər halda zamanın axarı ilə nələrin yaşandığını görəcəyik. İndi dəqiq fikir səsləndirmək çətindir”.
Aleksandr Martyoşkin “Xəzər Lənkəran”ın şərəfini qoruduğu ilk ildə - 2004/05 mövsümündə çempionatımızın gümüş medalını qazanıb.
HƏBİB

