“Sumqayıt”lı futbolçularla şəhərin qatı futbol azarkeşləri müəmma içindədir.
Şəhərin eyniadlı komandasına bürünc medalları qazandırıb, 2 dəfə ölkə kubokunun finalına yüksəldən Ayxan Abbasova qapını göstərən rəhbərlik onun əvəzinə yeni baş məşqçi axtarışına çıxıb.
Axtarışlar xeyli vaxtdır davam etsə də, hələ ki, durğunluqdur. Dekabr başa çatır, bir həftədən sonra komandaların qış toplanışı başlayacaq, di gəl, “kimyaçılar”ın hansı mütəxəssisin rəhbərliyi altında hazırlıq keçəcəyi bilinmir.
Vəziyyətin bu cür olmasından, yəni təyinatın gecikməsindən əziyyət çəkən futbolçular olacaq.
Son durumun nə yerdə olduğunu öyrənmək üçün klubun mətbuat katibi Rəşad Məmmədovla əlaqə saxladıq. “Sumqayıt”ın sözçüsü Sportinfo.az-a bunları dedi:
“İnanırsız, baş məşqçi məsələsi bütün medianın, futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Hər gün nə qədər yazan, soruşan var.
Təəssüf ki, indiki vəziyyətdə dəqiq söz deyə bilməyəcəyəm. Hamımız gözləmə mövqeyindəyik.
Çox güman, klub prezidenti Riad Rəfiyevin özü də cavab gözləyir. Yaxın günlərdə məsələ həllini tapmalıdır”.
HƏBİB

