“Hər xəstəliyin bir dərmanı var.
Futbolda da hər şey mümkündür. Niyə də olmasın?!”
Yığmanın sabiq baş məşqçisi, ölkənin təcrübəli mütəxəssislərindən olan Şahin Diniyev “Sumqayıt”ın hazırkı durumu ilə bağlı Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.
Məşqçi kimi “Qarabağ”la bürünc medallar qazanmış, “Kəpəz”lə Avroliqada mərhələ adlamış çalışdırıcı “kimyaçılar”ı özünə qaytarmağın mümkünlüyünü deyib:
“Sumqayıt” yaxşı heyətə malikdir. Fikrimcə, “qara zolaq”dan çıxmaq mümkündür. Bunun üçün komandada icraçı futbolçular var”.
Özünə qaytarmaq deyəndə, təbii ki, Sumqayıt təmsilçisini mövsümün sonunda avrokubok iştirakçıları arasında görməyi nəzərdə tuturuq.
Hansı ki, adıçəkilən komanda ardıcıl 2 il beynəlxalq arenalara vəsiqə ilə yadda qalıb. İndiki durum isə bir qədər çətin görünür. Çünki Ayxan Abbasovun tərk etdiyi kollektivi 4-cü pillədəki rəqiblə 10 xallıq fərq ayırır.
Avrokubok adını eşidən Diniyev nisbətən ehtiyatlı davranıb:
“Avrokubokdan danışırıqsa, “Sumqayıt” mükafatçı yerlərdən uzaq düşüb. Çempionatın ikinci yarısı üçün fərq çox görünür. Dediyim kimi, futbolda hər şey mümkündür. Ən azıdan cəhd etmək lazımdır”.
“Kəpəz”dən ayrılandan sonra işsiz günləri davam edən Şahin bəy hazırda Məşqçilər Komitəsinin üzvüdür.
Bu isə aktiv fəaliyyət sayıla bilməz. Sadəcə, böyük futbolun içində olması üçün belə bir təklif irəli sürülüb, o da qəbul edib.
Maraqlıdır, “Sumqayıt” rəhbərliyindən təklif olacağı halda, Diniyevin cavabı nə olar? Və ya, komandanı avrokuboklara daşımaq məsuliyyətinin altına girə bilər?
Söhbətin əvvəlində “Sumqayıt”la bağlı danışmaqda problem görməyən 55 yaşlı mütəxəssis nədənsə bu sualları eşidən kimi “qaçmağı” üstün tutdu: “Bu barədə danışmaq istəmirəm”.
HƏBİB

