Baş məşqçi dəyişikliyinə gedən «Sumqayıt» mövsümün qalan hissəsinə aid planlarına da «əl gəzdirib».
Premyer Liqanın ilk yarısını qeyri-sabit keçirən «kimyaçılar» ümumi maaş büdcəsni azaldıb. Bu da strategiyanın yeni yön almasıyla əlaqədardır.
Klub gəncləşdirmə siyasətinə üz tutub.
Ayxan Abbasovun istefaya getməsindən sonra ardıcıl üçüncü mövsüm avrokuboklara vəsiqə qazanacaqlarına inamı azalan «gənclik şəhəri» təmsilçisi sezonun sonuna doğru xərc yükünü azaltmağı qətiləşdirib.
Əvəzedici heyət və U-19-un perspektiv vəd edən gənclərinə əsas komandada yer verilməsinə dair rəsmilər arasında müzakirələr aparılıb.
Buna əsasən, 5000 manatın üstündə əməkhaqqı alan əksər futbolçuların, o cümlədən, ehtiyatda qalan yaşlıların düşərgədən göndərilməsi məsələsi masaya yatırılıb.
Bu gün son yeniliklər barədə ictimaiyyətə açıqlama verilməsi gözlənilir.
SPORTİNFO.AZ

