Ayxan Abbasova görə utanmalı olanlar

20 Dekabr 2021 19:40 Sumqayıt 1 330
Ayxan Abbasova görə utanmalı olanlar

Təxminən 3 il əvvəl - 2018-ci il Ayxan Abbasov "Sumqayıt"a baş məşqçi gələndə klubun vəziyyəti indikindən tam fərqli idi.

Yerli publika ən yaxşı halda Samir Abasovun qurduğu mübariz, döyüşkən komada ilə öyünə bilirdi.

Amma Ayxan müəllimin gəlişindən sonra çox şey dəyişdi. Arxada qalan 3 ildə klub boyundan çox, həm də lap çox yuxarı tullanmağı bacardı.

Komanda büdcəsinə və heyətinə görə dəfələrcə uduzduğu komandaları sıradan çıxarıb, 2 dəfə ölkə kubokunun finalına çıxdı.

Ümumiyyətlə, bu, Sumqayıt şəhərinin tarixi üçün bir ilk idi. Finallardakı məğlubiyyətlər belə yerli tərəfdarların qazanılan uğura münasibətini pisə dəyişmədi.

Ötən mövsüm yaşananlar isə tama başqa xəyal idi. Kubok oyunları iki oyundan ibarət olur. Bu baxımda surprizlər edib finala çıxan, kubok qazanan kollektivlər az olmayıb.

Amma çempionatda bunu etmək iki qat ağır və çətin missiyadır. Çünki marafon uzundur. Heyət mütləq geniş və sabit olmalıdır. Bunun zədəlisi, cəzalısı və.s problemləri var. Amma bütün çətinliklərə rəğmən Ayxan Abbasovun "Sumqayıt"ı bunu da bacardı.

İmkanları kifayət qədər geniş olan "Sabah" "Zirə", "Keşlə" kimi kollektivləri qabaqlayaraq bürünc medallara sahib oldu.

Avrokuboklarda iri hesablı məğlubiyyət gözlənildiyi halda, "kimyaçılar" sınıq-salxaq heyətlə Serbiyadan bərabərliklə (0-0) qayıtmağa nail oldu.

"Çükariçki" yalnız Sumqayıtda təmsilçimizin müqavimətini qıra bilmişdi.

3 ildi nəticələr artan sürətlə gedir. Amma nə maliyyə artırılır, nə də heyət genişlənir. Nə vaxta kimi? Cavabsız suallar davam edir.

Amma Abbasov dayanmır, təslim olmur. İnkişaf üçün, düzəlmək üçün səylə çalışırdı. Özü də kimlərlə?

Əksəriyyəti sabah komandadan göndərsən "havada" qalacaq futbolçularla. Və günün birində klub rəhbərliyi gənc mütəxəssisə "sən bizə lazım deyilsən" deyir.

Bu qədər əməyin qarşılığı bu idimi? Həqiqətənmi çıxış yolu Abbasovun gedişi olmalıyıdı?

Bu suallar cavabsız qalsa da olar, amma sonuncu sualıma mütləq cavab almaq istərdim.

Görəsən, Ayxan müəllimi bu formada yola saldığınız üçün heç utandınızmı?

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti