Ayxan Abbasovla yolları ayıran «Sumqayıt» baş məşqçi postuna xarici gətirə bilər.
Hər halda namizədlərdən biri əcnəbidir.
Üç ildir burada olan, hazırda həm akademiyanıın baş koordnaitoru, həm də əvəzedici heyətin çalışdırıcısı vəzifələrini yerinə yetirən Hakan Sünal əsas komandanın sükanı arxasına keçməyə iddialıdır.
Almaniya türk bu istəyini klub rəhbərliyinə bildirib. Azərbaycana gələnə kimi Frankfurt «Ayntraxt»ında menecer işləmiş Sünal «kimyaçılar»ı çətin vəziyyətdən çıxarmağın məsuliyyətini öz üzərinə götürüb.
2011-ci ildən Premyer Liqada mübarizə aparan «Sumqayıt»ın ilk baş məşqçisinin də əcnəbi olmasını xatırlayaq. Bernhard Raab «gənclik şəhəri» klubunda 3 mövsüm keçirib, uğursuz nəticələrdən dolayı istefaya göndərilib.
Hakan Sünal hazırda Azərbaycanda işləməklə bərabər, «Pro» kateqoriyalı kurslarda iştirak edir. Onun ölkəmizə gəlməqdə məqsədi həm də məşqçilik dərəcəsini artırmaqdır.
«Sumqayıt» rəhbərliyinin namizədlər arasında Sünala üstünlük verib-verməyəcəyi ən qısa müddətdə bilinəcək. Hər halda bu, böyük maraqla gözlənilir.
SPORTİNFO.AZ

