Dünən “Sumqayıt” baş məşqçi Ayxan Abbasovla yollarını ayırdı.
Bu barədə “gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yaydı.
Bildirildi ki, 40 yaşlı mütəxəssislə mövsümün sonuna qədər olan müqaviləyə xitam verilib.
Buna səbəb komandanın cari mövsümdəki uğursuz çıxışıdır. Komanda 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
“Sumqayıt” Abbasovun baş məşqçiliyi dövründə 96 oyun keçirib.
2018-ci ilin payızından – Nazim Süleymanovun istefaya göndərilməsindən sonra görəvə gələn 40 yaşlı mütəxəssisin komandası 29 qələbə qazanıb, 26 heç-heçə və 41 dəfə uduzub.
Onun rəhbərliyi altında 91 qol vuran komanda 121 top buraxıb. Bu oyunlardan 79-u Premyer Liqa, 14-ü kubok və 3-ü Avropa Liqasına təsadüf edib.
4 mövsüm ərzində 24 çempionat qələbəsi qazanan Abbasovlu “Sumqayıt” 20 heç-heçə edib və 35 dəfə uduzub.
76 vurulan qolun əvəzində 108 top buraxan komanda 92 xal yığıb. Ən böyük uğur ötən mövsüm qazanılan bürünc medallar olub.
Kubokda final həyəcanı yaşamış «kimyaçılar» i 5 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət görüb. 15 qol vuran sumqayıtlılar 9 top buraxıblar.
“Gənclik şəhəri” təmsilçisi avrokuboklarda 1 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə 0-4-dür.
Bu, mövsümün ikinci istefasıdır. Bunadək “Sabah” Ramin Quliyevi Murad Musayevə dəyişib. Amma «Sumqayıt»ın Ayxan Abbasovla vidalaşması, açıq demək lazımdırsa, gözlənilməz oldu.
Komandanın cari mövsümdə 8 məğlubiyyət alması, cəmi 12 xal toplaması və turnir cədvəlinin 7-ci pilləsinə enməsinə baxmayaraq.
O, gələnədək «Sumqayıt» hər dişdə sınan «qoz» idi. Abbasov görəvi təhvil aldı, gözləntilərin üstünə çıxdı. İki dəfə kubok finalı, iki dəfə avrokuboklara vəsiqə, bir dəfə Premyer Liqanın bürünc medalı…
Əlqərəz, işlədiyi mövsümlərin heç birini boş keçirmədi, klub tarixində yenilikləri, rekordları sıraladı. Bunları etmək asan idimi? Deyil.
Ondan sonra gələn məşqçi kim olacaqsa, ən azından bu nəticələri təkrarlamalıdır. «Axı Ayxan Abbasov bacarmadın, sən niyə onun elədiyini edə bilmədin» sualı ilə qarşılaşmamaq üçün.
O sualı verən tapılacaq. Mütləq tapılacaq. Çünki Ayxan Abbasov Sumqayıtda balaca iş görməyib və onun gördüyü işin miqyasını
«Sumqayıt»dakıların tam dərk eləməsi üçün heç nə yox, sadəcə, zaman lazımdır. «Biz kimi əlimizdən buraxmışıq» deyə-deyə, əllərini dizlərinə çırpacaqları gün gələcək.
Onu qoruya bilmədilər. Ötən müddətdə dəfələrlə istefa versə də, heç biri mətbuata çıxmayan, bütün kənar təzyiqlərə baxmayaraq, klub prezidenti Riad Rəfiyev tərəfindən qorunan baş məşqçinin dünənki çağırışla vəxifəsindən uzaqlaşdırılması ciddi araşdırma mövzusudur.
Şübhə yoxdur ki, burada bir «üçüncü əl» var. Hansı ki, o «əl» Sumqayıta ən azı 30-40 km məsafədən «Sumqayıt»ı daxili aləminə nüfuz edir, özünə lazım olanda qatıb-qarışdırır.
Sözünü etdiyimiz «əl»in gücü, təsiri bu dəfə o qədər güclü oldu ki, klub idarəçiləri Ayxan Abbasovdan bacarıqlı məşqçi tapmağın ağırlığını bilə-bilə onunla yolları ayırmaq məcburiyyətində qaldı.
Yoxsa nə var idi ki burada, guya «Sumqayıt» həmişə iddialı olub, avrokuboklara vəsiqə qazanıb? Abbasov keçən illərdə elə nətixələr qazanmışdı ki, bu mövsümü, hətta gələn mövsümü də ona qurban vermək olardı.
Nəticənin sabitliyi yalnız maliyyənin miqdarından asılı deyil.
Odey, «Sumqayıt»dan qat-qat imkanlı klublar var Premyer Liqada, məgər onların hamısı bu illərdə məqsədinə çatdı?
«Sumqayıt»ı güclülər arasına salan rəhbərlik-baş məşqçi-futbolçu vəhdəti idi, o da artıq pozulmuş görünür.
KAMİL

