Premyer Liqada cari mövsümün ikinci istefa xəbəri bu gün yayıldı.
Daha əvvəl “Sabah” Ramin Quliyevlə yolları ayırmışdısa, bu dəfə analoji addımı “Sumqayıt” atdı.
2018-ci ildən bəri “Sumqayıt”a başçılıq edən Ayxan Abbasovla mövsümün sonuna qədər olan müqaviləyə xitam verilib.
Buna səbəb cari mövsümdəki uğursuz çıxııdır. Komanda 14 turda topladığı 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
"Sumqayıt" 40 yaşlı mütəxəssisi yenilgi ilə yola saldı. Bu, son 5 oyunda 4-cü məğlubiyyətdir. Artıq təhlükə qapıdadır. Komanda avrokuboklara getməyə bilər.
Düzdür, Ayxan Abbasovun qarşısında belə bir tələb də qoyulmamışdı. Çünki reallıq həmin tələblə tərs mütənasibdir.
Bəs ötən mövsüm?
Bəli, onda da eyni vəziyyət yaranmışdı. Kasad heyət, məhdud büdcə ilə komanda bürünc medallara sahib olmağı bacardı.
Nəyin hesabına? Mübarizə, döyüşmək və inamın hesabına. Ayxan Abbasov həmin inamı futbolçulara verə bilmişdi.
Bəs indi nə dəyişdi?
Hələ daha bir üstünlük var ki, bu komanda ötənilkindən daha təcrübəlidir. Amma indi komandada nə inam var, nə mübarizə ruhu.
Demirəm ki, çıxıb meydanda gəzirlər. Yox, amma futbolçular lazım olacaq qədər də "diri" deyillər.
Futbolçular sanki uğura doyublar. Nə tez? "Sumqayıt"lı futbolçular nə yatdılar, nə yuxu gördülər ki? Hələ indi-indi nəsə cücərtilər hiss olunurdu, onda da belə.
Bəzi futbolçulara digər Premyer Liqa klublarından yaxşı təkliflər olmasının da hazırkı "qara zolaq"da rolu az deyil.
Ola bilər ki, kimlərsə "onsuz da gedəcəm də" düşüncəsi ilə oyunlara çıxır. Amma bu, peşəkar futbolçuya yaraşan yanaşma deyil. Ən azından çoxunuz kim idi və "Sumqayıt" kim etdiyi gözümüzün önündə olub. Bunu unutmaq olmaz.
Amma hələ də gec deyil. Qış fasiləsində "uğur yuxusu"ndan ayılmaq lazımdır.
Bu, "Sumqayıt"ın, Ayxan Abbasovun gələcəyindən çox, futbolçuların gələcək karyeraları üçün vacibdir. Əks halda, autsayder "Sumqayıt"a da lazım olmaya bilərsiz...
Xanoğlan İmanov

