«Sumqayıt» dəyişikliyə gedəcək. Başqa yol qalmayıb, limit tükənib.
Komanda düz yolda deyil. Burada nələrsə baş verir, onu isə bir rəhbərlik, bir məşqçi korpusu, bir də futbolçular bilir.
Kənardan hər şey başqa cür görünə bilər, sadəcə, vəziyyətin niyə belə hal aldığı, məğlubiyyətlərin sıralanmasının səbəbləri yalnız səbəbkarların özlərinə məlumdur.
Ayxan Abbasov bu minvalla «Sumqayıt»ı tərk edəcək. Xaraktercə həssas insandır, emosiyaları üzdədir.
Bir anda od-alov alandır, mümkün deyil ki, komandası turnir cədvəlinin «zirzəmi»sinə ensin, o isə yerində sakit otursun.
2018-ci ilin payızından «Sumqayıt»dadır. Hər il yaxşı nətiə verib, kluba tarixində bir neçə il yaşadıb. Məşqçi həminkidir, futbolçular isə…
Hər yay güc itirən «Sumqayıt» cari mövsümə «onurğa sütunu»nu qorumaqla başladı. Xəyal Nəcəfovu nəzərə almasaq, bütün aparıcı fiqurlar yerində qaldı. Üstəgəl, hamısının ödəmələri artırıldı.
Ayxan Abbasov deyir ki, ixtiyarındakılar ötənilki «bürünc»dən doyub. Bəlkə də hə. Bəlkə də yox. Nə deyəsən, hərəsinin ağlı bir yerdədir, amma bir yerdə deyil.
«Sumqayıt» həmişə mübarizə əzmi və istəyi, kollektiv ruhu ilə öyünürdü. Ayxan Abbasovun dediyi kimi, doyublarsa, bu, onlarla yolun sonun gəlməsi deməkdir.
Doymayıblarsa, qarınlarının ağrısını bilmək lazımdır. Məsələn, «kimə və nəyə görə belə edirlər», «utanmaq hissi hara yox olub» kimi suallarla.
A.Abbasov həmişə futbolçusunun arxasında dayanıb. Kimliyindən, yaşından, mənsubiyyətindən asılı olmayaraq. Bəzi həmkarları kimi mətbuata çıxıb, onları «ayağa verməyib».
Bir dəfə görmədik ki, komandasının hansısa üzvünü publik şəkildə aşağılasın, «ağ yuyub, qara sərsin». Gəl ki, qədrini bilmir, dəyərini başa düşmürlər.
Eh, bu zümrə kimə qədir ağacı əkib ki, ona da əksin…
Bıçaq sümüyə dirənib indi. Vəziyyət ki belə gətirib, rəhbərlik baş məşqçinin arxasında dayanmalıdır.
Fikri dağda-daşda qalan futbolçuları yola salıb, hər şeyə yenidən başlamaq, fərqli məqsədlə növbəti hədəfə çatmaq üçün.
Xəzər Hikmət

