Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində biri-birində maraqlı oyunlar baş tutacaq.
Turnir cədvəlinin ilk “4-lüy”ündə qərarlaşan “Qəbələ” – “Neftçi”, “Qarabağ” – “Zirə” oyunları öz yerində.
Medallara iddiaçılardan xeyli uzaqlaşan “Sumqayıt”la “Keşlə”nin dueli də kifayət qədər həyəcan və gərginlik vəd edir.
Ötən mövsüm Azərbaycan Kubokunun finalında üz-üzə gəlmiş, yayda ölkəmizi Konfrans Liqasında təmsil etmiş komandalar turnir cədvəlinin “quyruğu”nda yer alıb ki, sumqayıtlılar paytaxt təmsilçisini 1 xal qabaqlayır.
Odur ki, son vaxtlar uğursuzluq sindromundan qurtula bilməyən kollektivlərin duelini maraqla gözləməyə dəyər.
“Sumqayıt”ın qapıçısı Aydın Bayramov qarşılaşma ilə bağlı fikirlərini Sportinfo.az-a açıqlamasında bildirib:
"İlin son oyununa çıxırıq. Bizim üçün çox vacib qarşılaşmadır. Komandamızı çətin oyun gözləyir. “Keşlə”nin heyətində çox yaxşı futbolçular var, yaxşı legionerlərə sahibdirlər.
Lakin ilin son oyununda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Uzun müddətdir qələbə qazana bilmirik.
Doğma azarkeşlərimiz qarşısında “Keşlə”ni məğlub edib, fasiləyə xoş əhval ruhiyyə ilə yollanmaq istəyirik”.
“Sumqayıt”dan fərqli, “Keşlə” bir neçə gün əvvəl Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”la qarşılaşmışdı.
Maraqlıdır, rəqibin 2 tur arasında kubok matçına çıxması “Sumqayıt” üçün üstünlük sayıla bilərmi?:
“Düşünürəm ki, bu, bizim üçün hər hansı bir üstünlük deyil. Hər iki komanda oyuna qələbə üçün çıxacaq və buna görə gərgin mübarizə gedəcəyini düşünürəm”.
Canni de Byazinin milliyə cəlb etdiyi 25 yaşlı qolkiper cari mövsümdə 9 oyunda “Sumqayıt”ın qapısını qoruyub.
“Sumqayıt” – “Keşlə” görüşü 15 dekabr, saat 19:00-da başlayacaq.
HƏBİB

