"Sumqayıt"a 11 yeni futbolçu lazımdır, az olmaz

7 Dekabr 2021 11:40 Sumqayıt 848
"Sumqayıt"a 11 yeni futbolçu lazımdır, az olmaz

«Sumqayııt» dəyişməlidir.

Əlbəttə, məqsəd ardıcıl üçüncü mövsüm avrokuboklara vəsiqə qazanmaqdırsa əgər.

13 tura 12 xal aşağı göstəricidir. Dördüncü sıradakı «Neftçi»dən 9 xal az toplayıblar. Açıq danışsaq, «Sumqayıt»ın Premyer Liqa yolu ilə qitə arenasına vəsiqə qazanması real görünmür.

Ötən həftələrdə kifayət qədər xal itiriblər və onların kompensasiya yalnız özlərinin deyil, eyni zamanda möcüzənin işi olardı.

Ayxan Abbasova 11 yeni futbolçu lazımdır. Əli Qurbaninin, Rəhim Sadıxovun, Vurğun Hüseynovun və digərlərinin yerinə. Ya özləri dəyişməli, ya da dəyişdirilməlidirlər.

Klub rəhbərliyi qapını adlarını çəkdiklərimizin üzünə açmalıdır. Ki, getsinlər. Qalıb bir şey etmirlər, barı, satışından pul əldə etmək mümkün olsun.

«Sumqayıt»a «ac» futbolçu tələb olunur. Oynamaq, nəticə qazanmaq, beləcə, tanınmaq üçün. İndikilər missiyasını yerinə yetirmiş və havayı yeməyi haqq edənlər kimi aparırlar özlərini.

Gözləri orada-burada, dağda-aranda, imkanlı klubların cibindədir. Vurğunu kimdir istəyən, amma Rəhimin, Əlinin real təklifi var, xəyalən 2-3 aydır buradan çox uzaqlaşıblar.

Ruhən Sumqayıtı tərk edən bu oyunçuların cismən «Sumqayıt»da olması Ayxan Abbasova əziyyət verir. Bir sözü nə qədər demək, təkrar-təkrar üstünə getmək olar axı.

Söz də əbəs, cəhd də əbəs!

«Sumqayıt» erasının arxada qalmasını düşünənlərin nə fikrini, nə də ağlını bir yerə qoymaq mümkündür indi.

Qış fasiləsində yenilər düşərgəyə cəlb edilməlidir ki, kubokda mübarizə aparıb, avrokubokların havasını udsunlar. Yoxsa udduqları rəqiblərinin butsınının altından havaya qalxan toz-torpaq olacaq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!