"Yerli bazarda oyunçu götürmək çətindir, nələrsə edəcəyik" - VİDEO

6 Dekabr 2021 11:20 Sumqayıt 563
"Yerli bazarda oyunçu götürmək çətindir, nələrsə edəcəyik" - VİDEO

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə keçirilən oyun (0:0) barədə danışıb:

- “Neftçi” ilə səfərdə oynamaq çox çətindir. "Neftçi”nin son oyunlarını təhlil edəndə onların matça yüksək tempdə başladığını görmüşdük. Buna hazır idik. Oyunun nəzarətini ələ keçirməyin çətin olacağını bilirdik. Amma qapımızda elə böyük yüzfaizlik qol imkanı buraxmadıq. Bu da önəmli amildir. Son vaxtlar çətin durumda idik. Çoxdan idi ki, itkilər səbəbindən tam heyətlə mübarizə apara bilmirdik. Bu gün bəzi oyunçular sırada idi. Səfərdə “Neftçi”dən 1 xal qazanmaq normaldır. Rəqibin gücünü də dəyərləndirmək lazımdır. Bəzi anlarda bizim də üstünlüyümüz, qol imkanlarımız oldu. “Neftçi” topla oynayan komandadır, bizi müdafiədən oynamağa vadar etdi. Futbolçularımız soyuqqanlı olsaydılar, bəlkə də, qol vura bilərdik. Yenə də onlara inanırıq, bu, ötən mövsüm bürünc medal qazanan heyətdir. Əsas odur ki, təslim olmayıblar. Bu gün 1 xal qazandığımız üçün sevinirik".

- Fasilədən sonra bir qədər fərqli "Sumqayıt" izlədik. Bu, xüsusi tapşırıq idi?
- Xeyr, biz ikinci hissəyə fərqli hazırlaşmamışdıq. Rəqibin təzyiqi axıra qədər saxlaya bilməyəcəyini bilirdik. Sürətli hücumlarımız alınmağa başladı.

- Rəhim Sadıxovun bu qədər top itkisinə yol verməsi nə ilə bağlı idi?
- Rəhimə qarşı rəqiblər fərdi hazırlaşırlar. Top onda olanda 2-3 oyunçu önünü kəsir. Onun da yaxşı və zəif oyunları olur. Bu gün çox top itirə bilər. Topu Rəhim, Rüfət itirməlidir. Çünki onlar oyunu üzərlərinə götürürlər.

- Heyətlə bağlı problemlərin həlli üçün klub rəhbərliyi ilə söhbətiniz olub?
- Rəhbərliklə danışığımız olub, bu məsələləri müzakirə etmişik. Hansı oyunçuları gətirə bilərik suallarını veririk. Yerli bazarda oyunçu götürmək çətindir. Nələrsə edəcəyik. İmkanımızın çatıb-çatmayacağını "Keşlə" ilə görüşdən sonra danışacağıq. Bizdə bəzi mövqelər var ki, oradakı itkilər çətinliyə yol açır. Klubun da mövqeyi önəmli olacaq. Ola bilər ki, bu gənclərin üzərində dayanıb, növbəti mövsümə hazırlaşaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"