“Sumqayıt” ondan əlini üzüb – İndi əsa ilə gəzir

1 Dekabr 2021 17:40 Sumqayıt 1 300
“Sumqayıt” ondan əlini üzüb – İndi əsa ilə gəzir

“Sumqayıt”ın cari mövsümdə uğursuz çıxışında müdafiə xətindəki kobud səhvlərin rolu az deyil.

Ötən mövsüm qapıda Mehdi Cənnətov dayanıb, qarşısında Süleyman Əhmədov, Elvin Bədəlov, Höccət Haqverdi, Camaləddin Xocaniyazov, Tellur Mütəllimovdan ibarət “5-lik” yer alırdısa, indiki durum fərqlidir.

Mehdi komandanı tərk edibsə, Süleyman gününü ehtiyat oyunçular skamyasında keçirir. Elvin isə uzun müddətə sıradan çıxıb.

Xüsusən Bədəlovun yoxluğunun “kimyaçılar”ın müdafiəsinə təsiri göz qabağındadır.

Cari mövsümün 4-cü turunun “Qəbələ” ilə qarşılaşmasında zədələnərək meydanı 20-ci dəqiqədə tərk edən yığma üzvünün çarpazvari bağlarının qırıldığı aşkarlanmışdı ki, buna görə Almaniyada əməliyyat masasına uzanmalı olmuşdu.

Əməliyyatın üstündən 2 ay vaxt keçib. Bu o deməkdir ki, Bədəlov müalicə dövrünü keçir, meydana qayıdacağı günü səbirsizliklə gözləyir.

Bəs, dönüş nə vaxt baş tutacaq? Ayxan Abbasovun üzvü nə vaxt güləcək?

Klubun mətbuat katibi Rəşad Məmmədov məsələ ilə bağlı Sportinfo.az-a verdiyi açıqlamada Elvinin hazırda əsa ilə gəzdiyini, həkimlərin nəzarəti altında müalicəsini davam etdirdiyini bildirdi.

Məmmədov Elvinin ən yaxşı halda martda məşqlərə başlaya biləcəyini də sözlərinə əlavə etdi. Qısası, cari mövsümün Elvin Bədəlov üçün bağlandığını deyə bilərik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu