Abbasov baş məşqçi postunu niyə tərk etmək istəyir? – ŞOK GEDİŞAT!

22 Noyabr 2021 14:00 Sumqayıt 1 422
Abbasov baş məşqçi postunu niyə tərk etmək istəyir? – ŞOK GEDİŞAT!

Premyer Liqanın cari mövsümünə 2 qələbə ilə başlayan «Sumqayıt»ın gördüyü elə bu oldu.

«Kimyaçılar» növbəti 9 hesabat turunda cəmi 1 dəfə meydanı 3 xalla tərk edib.

Digər 8 görüşündə ikisində 1 xala razı qalan «gənclik şəhəri» təmsilçisi 6 dəfə məğlubiyyətlə barışıb.

Bəli, komanda barışıb, Ayxan Abbasov isə yox.

Hər zaman futbolçularının arxasında olduğunu söyləyən baş məşqçi qış fasiləsində istefa verə biləcəyini istisna etməyib. O, bu barədə dünən Qəbələ səfərində – 0:2 hesablı yenilgi ilə bitən qarşılaşmanın ardından açıqlama verib.

Sitat: "Özüm də çətinlik çəkirəm. Bəlkə də nələrisə dəyişmək, yaxud da vaxtı çatıb, getmək lazımdır. Qarşıdakı 3 oyunu da oynayıb, bu barədə düşünəcəm. Hiss edirəm ki, bu komanda ilə maksimumu etmişik. Bundan artığını etməyə gücümüz yoxdur. Bizə yeni nəfəs lazım idi. Ona görə də qış fasiləsində rəhbərliklə görüşəcəm. "Sumqayıt"da böyük uğurlar qazanmışıq. Ehtiyac olarsa, müqaviləm var, davam edəcəyik. Amma bu cür davam etmək çox çətindir. Çünki elə mövqelərimiz var ki, orada oynatmağa futbolçumuz yoxdur. Gənclərə güvənirik. Lakin yuxarıda qalmaq üçün qüvvə lazımdır. Bu oyunçuların da üstündən xətt çəkə bilmərəm. Onlar 2 dəfə ölkə kubokunda final oynayıblar, bürünc medal qazanıblar".

Abbasov bunların vida sözləri olmadığını deyib:

"Oyundan sonra çalışıram geniş danışım ki, azarkeşlər bizi başa düşsün. Çünki onlar komandanın daxilini bilmirlər və nəsə gözləyirlər. Bu, Ayxan Abbasovun maksimumu deyil, rəhbərliyə də mesaj vermirəm. Bəzi məsələlər var ki, rəhbərlikdən asılı deyil. Riad Rəfiyevlə ilk dəfə görüşəndə, danışdıq ki, komandanı iddialı edək. Bunları birlikdə bacarmışıq. Çox çətin yollar keçmişik. İlk dəfə Avropa Liqasında oynayanda komandamızı çox futbolçu tərk etdi. Amma mən həmin vaxt "Sumqayıt"ı qoyub getmədim. Rəhbərliyə "çox sağ ol" borcum var idi, onu qaytardım. Yarımçıq alınmır. Qərar verməliyik: avrokuboklar üçün oynayırıqsa, bu yolu seçməliyik, ya da digər varianta üstünlük verməliyik. Bu gün rəhbərlik məndən avrokuboklara düşməyi tələb etmir. Sadəcə, özüm üçün çətindir. Bəzi futbolçuların fikirləri başqa yerdədir. Bəlkə də təklifləri var. Yeni oyunçular almaq üçün maliyyə lazımdır. Rəhbərliyin burada günahı yoxdur. Hələ buradayam, heç vaxt işdən qaçmamışam. Lakin gələcək üçün özümlə bağlı qərar verməliyəm".

39 yaşlı mütəxəssisin söylədikləri, əslində, açıq mesajdır. Düzdür, o, belə olmadığını deyir, fəqət, uğursuz gedişatın ona dəhşətli dərəcədə pis təsir elədiyi ortadadır.

Abbasov yaranmış situasiyanı dəyişmək istəyir, bu da anlaşılandır. Gəl ki, hər şey ondan asılı deyil. dəvədən böyük fil var.

Sadəcə, Ayxan bəyin fikirlərindən anlaşılır ki, vəziyyətin nəzarətdən çıxmasında rəhbərliyi də təqsirkar saymır.

Deməli, hansısa üçüncü qüvvədən, yaxud kənar müdaxilədən danışır. Hansı ki, onun və ya onların təsir gücü birbaşa futbolçularadır.

Bu, necə olub, nə cür kollektivin içinə giriblər, bilinmir. Çün Abbasov bu haqda konkret heç nə demir, sadəcə, müəyyən işarələr vurmaqla kifayətlənir.

Görünür, açıq danışmağın özünə, həm rəhbərliyə, həm də komandaya daha ağır zərbələr vurmasından ehtiyatlanır, «Sumqayıt»ın daxilinə «nüfuz edən» «gözəgörünməz əl»in «iş»ini böyüdüb, camiəni küçümsəmək istəmir.

Amma hara qədər? Nəvaxta kimi? Abbasov burada tarixi nişan verir - qış fasiləsi. Baş məşqçi gedişatın üzərindən fikrini çılpaqlığı ilə gözlər önünə sərir. Hər halda unutmayaq ki, o, «getmək vaxtıdır» ifadəsini ilk dəfə işlədir.

2018-ci ilin payızından bəri «Sumqayıt»da fəaliyyət göstərən, ötən müddətdə klub çapında inanılmaz uğurlara imza atan mütəxəssis, əlbəttə, 6 məğlubiyyətin təsirindən belə düşünmür.

Axı Abbasov bu cür enişli-yoxuşlu yollardan az keçməyib, futbolun hər üzünü görüb. Marafon uzundur və məhz uğursuz bir neçə oyuna görə yolun ortasına çatmamış təslimiyyət bayrağı qaldırması ağlabatan deyil.

Hiss olunur ki, AFFA və milli ilə bağlı söz-söhbətlər də onu yorub.

Bizə elə gəlir ki, «Sumqayıt»ın uğursuz mövsüm keçirməsinin əsas səbəbini burada, buralarda axtarmalıyıq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti