"Bəlkə də nələrisə dəyişmək, yaxud da..." - Ayxan Abbasov

21 Noyabr 2021 18:24 Sumqayıt 735
"Bəlkə də nələrisə dəyişmək, yaxud da..." - Ayxan Abbasov

"Qəbələ"ni təbrik edirəm. Mövsümə çox yaxşı başlayıblar. Evdə üstün oynayacaqlarını bilirdik. Buna hazır idik. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan qollardan birinin əvəzini çıxsaq da, bərabərlik əldə edə bilmədik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis məğlubiyyətin üzücü olduğunu bildirib: "Heyətdə itkilərimiz var idi. Bu oyundan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qarşıda qış fasiləsinədək 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Oynamaq lazımdır. Əvvəl də dediyim kimi, bura qalxmaq asandır. Amma qalmaq çətindir. Bəzi oyunçularımız mövsümün əvvəlində formada olmadılar. Zədələrə görə heyəti tam kompletkləşdirə bilmədik. Bəlkə də xeyirlisi budur. Amma bu gün əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər güclənib. "Qəbələ" 2 mövsümlük uğursuzluğa baxmayaraq təslim olmadı. Çempionata rəng qatırlar. Bu da bir nümunədir. Hər zaman komandamın arxasındayam. Bəlkə də nələrisə dəyişmək, yaxud da vaxt gəlib çatıb, getmək lazımdır".

Digər Xəbərlər
Xəbər Lenti