“Qarabağ”a böyükhesablı məğlubiyyəti yaddan çıxarmışıq”

21 Noyabr 2021 11:40 Sumqayıt 734
“Qarabağ”a böyükhesablı məğlubiyyəti yaddan çıxarmışıq”

“Komandada əhval-ruhiyyə çox yaxşıdır. “Qarabağ”a böyükhesablı məğlubiyyəti yaddan çıxarmışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov bildirib.

Təcrübəli müdafiəçi millilərin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilənin xeyirlərinə işlədiyini və bu müddətdən maksimum yararlandıqlarını deyib:

“Fasilə dönəmində çatışmazlıqlar üzərində işlədik. Gərgin məşqlərdə nöqsanların aradan qaldırılması üzərində çalışdığımızı deyə bilərəm.

Yoldaşlıq görüşünün də xeyrimizə olduğunu qeyd etməliyəm. Düşünürəm ki, fasilənin bizə xeyri oldu. “Qəbələ” ilə oyuna hazırıq”.

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olacaq. Həmin rəqib ki, cari mövsümdə təəccübləndirməkdə davam edir.

Hazırda turnir cədvəlinin ikinci pilləsində yer alan bölgə təmsilçisi xüsusən “ev” oyunlarında inamlı təsir bağışlayır. Vurğun bu oyundan maksimum nəticə ilə ayrılmaq istədiklərini gizlətmədi:

“Qəbələ səfəri təkcə bizim üçün yox, digər komandalara da çətin səfər sayılıb. Rəqib doğma meydanda həqiqətən inamlı təsir bağışlayır.

Cari mövsümdə yaxşı oynayırlar, yüksəlişdə olduqları göz qabağındadır. Dediyim kimi, fasilə müddətində bütün hazırlıqlarımız bu yöndə olub.

Sumqayıta yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Yuxarı pillələrdəki rəqiblərdən uzaqlaşmaq istəmirik. İnşallah, istədiyimiz nəticəni əldə edərik”.

“Qəbələ” – “Sumqayıt” görüşü noyabrın 21-i, saat 16:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti