"Hər kəs Mahirdən danışır, günahkar tək Tellur deyil"

21 Noyabr 2021 14:20 Sumqayıt 2 155
"Hər kəs Mahirdən danışır, günahkar tək Tellur deyil"

"Sumqayıt"ın yarımmüdafiəçisi Tellur Mütəllimov "DÇ-2022"nin seçmə mərhələsində Lüksemburqla oyunda aldığı qırmızı vərəqəyə görə mətbuat və azarkeşlər tərəfindən tənqid atəşinə tutuldu.

Yarımmüdafiəçinin hətta bu səbəbdən ciddi psixoloji sarsıntı keçirdiyini xəbər vermişdik.

"Kimyaçılar"ın əsas heyət üzvü sayılan futbolçunun hazırkı durumu ilə bağlı Ayxan Abbasovla söhbətləşdik.

"Sumqayıt"ın çalışdırıcısını dinləyək "İlk öncə onu deyim ki, qırmızı vərəqə almaq xoş hal deyil. Bunu heç kimə arzu eləməzdim.

Milli komandada belə məqamlarda qırmızı almaq hər zaman qınaq obyektinə çevrilib. Həm azarkeşlər, həm də media tərəfdən. Bu da normaldı".

Gənc mütəxəssis belə halla rastlaşan futbolçuların az olmadığını bildirib:

"Təcrübəyə baxsaq belə misallar çox olub. Məsələn, Mahir Emrelini qeyd edə bilərəm. Lüksemburqla oyunda aldığı qırmızı vərəqəyə görə çox tənqid olundu.

Üzərinə çox gedildi. Amma görünən odur ki, Mahir klubunda toparlanmağı bacardı. İndi isə legioner həyatı yaşayır və hər kəs Mahirdən danışır.

Futbolçular hər zaman belə anda möhkəm olmağı bacarmalıdır. Tellur da belə halla qarşılaşdı.

O, bunu bilərəkdən etmədi. Sadəcə ani ehtiyatsızlıq oldu. Bəlkə də qalib gəlməyi çox istədiyindən motivasiyası daha yüksək idi. Gərgin oyunlarda belə hallar olur".

Abasov yetirməsi ilə danışdığını və qarşıdakı görüşlərə köklənməli olduğunu ona izah etdiyini sözlərinə əlavə edib:

"Tellurla söhbətimiz oldu. Ona möhkəm olmalı olduğunu bildirdim. Özü də bilir ki, "Sumqayıt"ın önəmli futbolçusudur. Ona çox güvənirik.

Telluru "Zirə"yə də, "Sumqayıt"a da dəvət edəndə bildirmişdim ki, milli komandaya layiq futbolçusan. Hətta dəvət almayanda belə ruhdan düşməməyə, daha çox çalışamağa ehtiyac olduğunu bildirirdim.

İndi milli komandaya dəvət alır. Çempionatımıza rəng qatan futbolçulardandır. Bu gün daha da güclü olmalıdır. Hansısa fikirlərə görə zəifləmək olmaz.

Yaş da o yaş deyil. Karyerası hələ qabaqdadır. Klub olaraq onun arxasındayıq.

Əsas odur ki, inkişaf üçün səhvimizdən nəticə çıxara bilək. Bu gün tək Tellurun üstünə düşmək doğru deyil. Çünki tək günahkar o deyil.

İnanıram ki, Tellur da tez bir zamanda hər şeyi unudub çempionata köklənəcək. Çünki bizim ona ehtiyacımız var. Onun da bizə ehtiyacı var. Hər zaman futbolçularımız dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəm.

"Sabah" la oyunda Murad Xaçayev gərəksiz yerə 10-cu dəqiqədə qırmızı aldı və ona 5 oyunluq cəza verildi. Bu gün Muradı mən də qınasam,daha bir futbolçumuzu itirə bilərik. O qədər çox futbolçumuz da yoxdur. Olanları da qorumalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!