Azərbaycan komandasının üzləşdiyi PROBLEMİN SƏBƏBİ üzə çıxdı

20 Noyabr 2021 09:40 Sumqayıt 942
Azərbaycan komandasının üzləşdiyi PROBLEMİN SƏBƏBİ üzə çıxdı

Son iki mövsümdə avrokuboklara vəsiqə qazanan “Sumqayıt”ın cari mövsümə uğurlu başladığını deyə bilmərik.

“Kimyaçılar”ın 10 oyundan sonra cəmi 11 xal toplayaraq 8 komanda arasında 5-ci pillədə qərarlaşması sumqayıtlı futbolsevərlərin ürəyincə ola bilməz.

Ən çox maraq doğuran sual Ayxan Abbasovun çalışdırdığı kollektivin hansı səbəbdən qeyri-sabit təsir bağışlamasıdır.

“Neftçi” kimi güclü rəqiblə heç-heçə oynayan sumqayıtlılar (1:1), bir həftə sonra “Sabah” önündə darmadağın olmuşdu – 0:3.

Ağır yenilgiyə baxmayaraq, 9-cu turda “Səbail”i 2:0 hesablı ilə udan komanda, növbəti turda səfər matçında yenə darmadağına üzülmüşdü.

Bu dəfə “Qarabağ”la matçda 0:4 hesablı ağır yenilgidən qaçmaq mümkün olmamışdı.

Göründüyü kimi, “Sumqayıt” qeyri-sabitliyi ilə seçilir. Bu mənada səfər oyunlarındakı uğursuz nəticələr diqqət çəkir.

Mövzunu diqqətdə saxladığımızdan, məsələ ilə bağlı komandanın təcrübəli futbolçusu, birinci kapitanı Vurğun Hüseynovun fikirlərini öyrəndik:

“Bu faktla razıyam. Açığı, bu, özümüzü də maraqlandıran sualdır. Gördüyüm odur ki, vəziyyətin belə alınmasının əsas səbəbi komandamızdakı itkilərdir.

Sarı və qırmızı vərəqələr ucbatından hansısa futbolçuların xidmətindən yararlana bilmirik. Bəzən zədələnənlər olur.

“Sumqayıt”ın baş məşqçinin oyun sisteminə uyğun oturuşmuş heyəti var. Hansısa oyunda 1-2 futbolçu olmayanda, bu, meydanda özünü göstərir.

İstər-istəməz oyun intizamı pozulur. Səbəbi sırf bunda görürəm. Çünki qalan hər şey qaydasındadır. Başqa hansısa problem yoxdur komandada”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti