“Köln”dən varlı Azərbaycan klubu

16 Noyabr 2021 16:40 Sumqayıt 1 592
“Köln”dən varlı Azərbaycan klubu

Azərbaycanda hansı komanda rəhbərini dindirirsən (xüsusən də AFFA-nın nəzarətindən olanların) dəsmal götürüb ağlayır, maliyyə azlığından şikayət edir.

Avrokuboklarda qapazaltı olanda isə ağlaşma səsi göyə bülənd olur.

Büdcənin azlığından, istədikləri futbolçuları ala bilməməkdən şikayətlənir, avrokuboklardakı biabırçılığı bununla əsaslandırmağa çalışırlar. Onların zülm-zülm ağlamağına baxanda adamın ürəyi kabab olur.

Yalan deyirlər, özü də gözlərinin içinə qədər.

Yayda “Sumqayıt”ın, “Keşlə”nin, “Neftçi”nin avrokuboklardakı rəqiblərinin heç birinin büdcəsi (“Olimpiakos” istisna olmaqla) bunların büdcəsindən çox deyildi).

Bunlar elə danışırlar ki, guya Avropada bütün futbolçular milyonlar qazanırlar. Yenə də yalan püskürürlər.

Məsələn, İtaliya A seriyasında oynayan futbolçuların 70 faizinin illik məvacibi 100 min dollardan çox deyil.

Azərbaycan Premyer Liqasında oynayan heç bir futbolçu, xüsusən də legioner ildə 200 min manatdan aşağı məvacib almır.

O cümlədən, “Sumqayıt”da. Gəldik məsələnin “mustafası”na. “Sumqayıt”ın sabiq futbolçusu, millimizdə də bir oyunda meydana çıxmış Uğur Pamuk bizim yazdıqlarımızı təsdiqləyib.

Yəni “büdcə azdır” deyib ağlaşma quranların gopa basdığını bəyan edib. Bu Uğurun “Köln”ə keçmək şansı olub. Amma Bundesliqada oynamaqdan imtina edərək “Sumqayıt”ı seçib.

Deyir ki, bu seçimimdə pul əsas rol oynadı. Görün gecə-gündüz zar-zar ağlayan “Suymqayıt”ın ovaxtkı rəhbərliyi ona o qədər məvacib verib ki, adam “Köln”ün təklifindən imtina edib.

Lotular, dəsmalı qatlayıb qoyun cibinizə, dayandırın zülüm-zülüm ağlamağı. “İstedadlı dələduzlar”ın göz yaşına inanan yoxdur daha.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti