"Sumqayıt"ı "əsir-yesir" edən – Səbəbi onda axtaraq

9 Noyabr 2021 10:40 Sumqayıt 1 210
"Sumqayıt"ı "əsir-yesir" edən – Səbəbi onda axtaraq

Canni De Byazi «Sumqayıt»ı dilə-dişə salıb.

Hər toplanışa 7-8 futbolçusunu çağırmaqla, «Sumqayıt»ı gözə gətirməsini qoyuram bir kənara.

Bu, medalın görünən üzüdür, problem isə başqadır.

De Byazinin millidə «Sumqayıt»lıların sayını hər dəfə çoxaltmaqla, klubun rəhbərliyi və məşqçilərini haqq-nahaq «hədəf taxta»sına əyləşdirib, bu azmış kimi, dəvət göndərdiyi futbolçuları oynatmamaqla, onlara qurşaqdan zərbə endirmiş olur.

Millinin hər belə qarşılaşması «Sumqayıt»ı Premyer Liqada gücsüz hala gətirir. Başda Rəhim Sadıxov olmaqla, stresli halda geri dönən oyunçuları, gəl, ölkə çempionatında növbəti həftəyə hazırla, görüm, necə hazırlayırsan.

Əsl məşəqqətdir. Bir-iki həftə millinin düşərgəsində qalan, sonda da bu formanı geyinmək həvəsini içində boğan, meydançanı həsrətlə süzən futbolçuları Premyer Liqaya kökləmək Ayxan Abbasov üçün gedib o biri dünyanı görüb gəlmək qədər çətindir.

Yoxsa məşqçi həmin məşqçidir, komanda həmin komandadır. Yayda elə böyük dəyişiklik baş verməyib ki, qafiləni tərk edən 2-3 nəfərin yeri hər tur görünsün.

Gələnlər də var və hələlik «onurğa sütunu»nu təşkil etmirlər ki, qeyri-sabit çıxışın, turnir cədvəlində liderlər qrupundan uzaq düşməyin səbəbini onlarda axtaraq.

Səbəb birdir - milliyə qaça-qaça, sevinə-sevinə yollanıb, boynubükük və dilxor halda qayıdan futbolçuların aldığı psixoloji travma. Onun əsiridirlər indi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti